TÜRKİYƏNİN TANINMIŞ MEDİA QURUMLARININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
06 aprel 2015 | 09:04   
Paylaşın:        

Aprelin 3-də Milli Məclisin Sədr müavini Bahar Muradova Azərbaycan  Mətbuat  Şurasının  dəvəti ilə Bakıda  səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə  görüşdü.
Qonaqları  səmimi  salamlayan Bahar Muradova  dünyaya  örnək olan  Azərbaycan-Türkiyə dostluq  və qardaşlığından  söhbət  acdı. İki dövlət arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə  edən vitse-spiker, bu  münasibətlərin yaranmasında  ümummilli lider  Heydər  Əliyevin unudulmaz  rolundan  bəhs  etdi.  Bahar Muradova Ulu öndərin “Bir millət-iki dövlət” fikrinə hər zaman sadiq olduğumuzdan,  Azərbaycanın  sürətli  inkişafından, ölkəmizin uğurlarından,  Azərbaycanın  ev  sahibliyi  etdiyi  mötəbər   tədbirlərdən,  ölkədə  aparılan  islahatların gedişatından  ətraflı danışdı.  O,  söhbətində  Türkiyənin Baş naziri Əhməd  Davudoğlunun Azərbaycanda  səfərdə olarkən  söylədiyi  bir  fikrə  diqqəti  yönəltdi ki,  dünyada  iki elə dövlətin bayrağı  yoxdur ki, yan-yana  qoyarkən Azərbaycan və Türkiyə  bayraqları  qədər bir-birinə yaraşmış olsun. Bahar Muradova söhbətdə türk  dünyasını təmsil edən media  nümayəndələri  arasında belə qarşılıqlı səfərlərin intensivləşməsinin zəruriliyini vurğuladı.
Sonra Azərbaycanın ən  ağrılı  problemi olan Dağlıq  Qarabağ  münaqişəsinin hazırkı  vəziyyətindən  söz açan  parlament  sədrinin müavini münaqişənin  nəinki  ölkəmizi, bütövlükdə  regionu  təhdid  altında  saxladığını vurğuladı.  Bu  münaqişənin  həlli istiqamətində  görülən işlərdə  Türkiyənin hər  zaman Azərbaycana  dəstək  olduğunu fəxarətlə dilə gətirdi, parlamentimiz  və xalqımız  adından  Türkiyə  hökumətinə minnətdarlığını ifadə  etdi.
Türkiyə Qəzetəçilər  Federasiyasının  təmsilçisi  Yılmaz  Karaca  nümayəndə  heyəti  adından  səmimi  görüş  və qonaqpərvərlik  üçün təşəkkür  etdi. Bildirildi ki, səfərin məqsədi Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. O, səfər  çərçivəsində Dağlıq  Qarabağın  Azərbaycanlı İcmasında, Heydər Əliyev Mərkəzində, I Avropa Oyunlarının Təşkilat Komitəsində görüşlər keçirəcəklərini qeyd  etdi, paytaxtımıza  yeni  gətirilən idman  qurğuları ilə tanış olacaqlarını  vurğuladı.
Görüşdə Milli Məclisin komitə sədri, Azərbaycan -Türkiyə parlamentlərarası əlaqələr  üzrə  işçi qrupunun rəhbəri Nizami Cəfərov,  deputatlardan Cavanşir  Feysizyev, Çingiz Əsədullayev, Mətbuat Şurasının sədri  Əflatun Amaşov  və  digər  rəsmi şəxslər  iştirak  edirdilər. 
Türkiyə Qəzetəcilər Federasiyasının təmsilçiləri  ilə  yanaşı,  “Sabah”, “Posta”, “Hürriyet” qəzetlərinin, Fox, NTV, ATV, “Kanal A”, “CNN Türk” telekanallarının, “Anadolu” agentliyinin məsul əməkdaşlarının  qatıldığı tədbirdə qonaqlar ölkəmizlə, parlamentlə  bağlı  ürəkaçan fikirlərini  səsləndirdilər, onları  maraqlandıran  suallara  aydınlıq  gətirildi.


Milli Məclisin

Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU