MİXAEL LİNK: “AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ HƏMİŞƏ DƏSTƏKLƏMİŞƏM.”

XƏBƏRLƏR
08 aprel 2015 | 05:04   
Paylaşın:        

Aprelin 8-də Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixael Link ilə görüşdü.
Ölkəmizin ATƏT və onun institutları ilə əməkdaşlığa çox önəm verdiyini vurğulayan Bahar Muradova bildirdi ki, Azərbaycan quruma üzv olduğu ilk illərdən indiyədək mövcud prinsiplərə və öhdəliklərə sadiq qalıb. Ötən yay ATƏT PA-nın iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsi Azərbaycanın bu qurum üçün nə qədər dəyərli ölkə olduğunu ortaya qoydu. Həmin sessiyada alınan qərarlar və gəlinən nəticələr də əməkdaşlığın genişləndirilməsini tələb edir.
Ölkəmizin DTİHB ilə əməkdaşlığından bəhs edən vitse-spiker xatırlatdı ki, ötən dövr seçkilərin monitorinqi  ilə bağlı ciddi polemika ilə də yadda qalıb. Bahar Muradova bildirdi ki, 2005-ci ildən etibarən ATƏT PA-da müxtəlif ölkələrdəki seçkilərin monitorinqi ilə əlaqədar ən gərgin müzakirələrin şahidi və iştirakçısı olub.
Söhbət zamanı qonağa bu il Azərbaycanda seçki ili olduğu, bu mühüm siyasi prosesə ciddi hazırlığın getdiyi bildirildi. Seçki zamanı DTİHB-in obyektiv monitorinq aparacağına inam ifadə olundu. Qeyd edildi ki, ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir. Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək.
Görüşdə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixael Link qəbula görə təşəkkürünü bildirdi. Bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, hər işə başlayanda öncə qanunlara və prinsiplərə riayət etmək vacibdir. Bundan əvvəlki səfərlərimdə olduğu kimi, bu dəfə də ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimi bildirirəm. Bu yanaşmanı hazırkı mandatıma –  direktoru olduğum DTİHB-ə də tətbiq etməyə çalışıram.
Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

 


  Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU