AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN MƏRUZƏÇİLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
09 aprel 2015 | 05:04   
Paylaşın:        

Aprelin 9-da Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti ilə görüşdülər.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumla ölkəmizin səmərəli əməkdaşlığından, Azərbaycanda müxtəlif sahələrdə görülən böyük işlərdən geniş söz açdı. Bildirdi ki, ölkəmizin inkişafı və buradakı sabitlik Azərbaycanın nə qədər düzgün yolda olduğunu göstərir. Ölkəmiz Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır. Səməd Seyidov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirdi ki, bu problem nizamlanmayanadək insan haqlarının müdafiəsi, terrorizmə, separatizmə qarşı mübarizə istiqamətində aparılan iş səmərə verməyəcək.
Görüş üçün təşəkkürünü bildirən Avropa Şurası Nazirlər Komitəsinin siyasi məsələlər üzrə direktoru Aleksandr Guessel qurumla ölkəmizin əməkdaşlığını yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan bizim təşkilatın mühüm üzvlərindəndir. Həqiqətən ötən müddətdə Azərbaycan çox böyük işlər görüb. Qonaq əlavə etdi ki, mən Azərbaycanda gedən prosesləri yaxından izləyirəm və Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlıların problemlərini, ağrı-acısını yaxşı başa düşürəm. Qonaq Bakıda olduğu müddətdə maraqlı görüşlər keçirdiklərini və faydalı fikir mübadiləsi apardıqlarını söylədi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU