SLOVAKİYA-AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN NÜMƏYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
09 aprel 2015 | 05:04   
Paylaşın:        

Aprelin 9-da Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Slovakiya Milli Şurasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robertin başçılıq  etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşdü.
Qonaqları səmimi salamlayan Valeh Ələsgərov dünya və region üçün aktual olan təhlükəsizlik məsələlərinə toxundu. O, bir sıra nüfuzlu beynəlxalq təşkilatların  bəzi  ölkələrin ərazi bütövlüyü məsələsi ilə bağlı konkret fəaliyyətsizlik nümayiş etdirdiklərini,  bunun nəticəsi olaraq dünyada münaqişələrin durmadan artdığını vurğuladı. Vitse-spiker Azərbaycanın ən ağrılı problemi  olan Dağlıq  Qarabağ  münaqişəsindəki mövcud  durum barədə  məlumat verdi.
Sonra Valeh Ələsgərov qeyd  etdi ki, Avropa ölkələri Azərbaycanla  iqtisadi  sahədə  əməkdaşlığın  dərinləşməsində  maraqlıdır. Ölkəmizə enerji resursları sahəsində sərmayə qoyulmasının daha çox maraq kəsb etdiyini deyən parlament  sədrinin müavini Azərbaycanın neft-qaz ixrac edən ölkə kimi nüfuzundan söz  açdı. O, TAP, TANAP kimi irihəcmli layihələrin icrasına başlanıldığını xatırlatdı. Valeh Ələsgərov Azərbaycanın ilk dəfə olaraq Birinci Avropa oyunlarına ev  sahibliyi  edəcəyinə  bəzi qurumların qısqanclıqla yanaşdığını dedi,  Slovakiyanın bu oyunlarda fəal iştirak edəcəyinə əmin olduğunu söylədi.
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert qonaqpərvərlik  və  səmimi  söhbət  üçün  minnətdarlığını  bildirdi. Slovakiyanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, hər iki ölkənin  parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsinin günün  tələbi olduğunu vurğuladı. Qonaq bununla Azərbaycana ikinci dəfə səfər etdiyini və aparılan danışıqlardan razı qaldığını dedi. Dağlıq Qarabağ  münaqişəsinin tezliklə  sülh  yolu ilə həllini  tapacağına  ümidvar  olduğunu  bildirdi.
Söhbətdə  qarşılıqlı maraq  doğuran  bir  sıra  məsələlər  barəsində  fikir mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU