ƏLİ RƏBİİ: “İran Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır”

XƏBƏRLƏR
17 aprel 2015 | 02:04   
Paylaşın:        

Aprelin 17-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov  ölkəmizdə səfərdə olan İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov Azərbaycanla İran arasındakı yüksək səviyyəli əlaqələrdən danışdı, iki ölkənin bir-birinə milli-mənəvi dəyərlər, ortaq mədəniyyət və tarixi ənənələr baxımından  sıx  bağlı olduğunu  vurğuladı. Vitse-spiker iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov onu da  bildirdi ki, artıq 20 ildən çoxdur torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılır. Ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Münaqişənin həlli istiqamətində BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan Ermənistan beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər edir. Milli Məclis Sədrinin birinci müavini dünya ictimaiyyəti tərəfindən bu münaqişənin ədalətli həlli üçün kifayət qədər səy göstərilmədiyini təəssüf hissi ilə bəyan etdi. O, İslam Konfransı Təşkilatına üzv ölkələrin bu məsələnin həllində daha fəal olmasının vacibliyinə toxundu, İranın Şura Məclisində Xocalı soyqırımı  aktına münasibət  bildiriləcəyinə ümid etdiyini dedi.
Qonaqpərvərlik  üçün təşəkkürünü bildirən  Əli Rəbii öz çıxışında Azərbaycanla İran arasındakı əlaqələrin  hazırkı  durumundan məmnunluq duyduğunu vurğuladı. O, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu və bu məsələdə maraqlı olduqlarını diqqətə çatdırdı. Qarşılıqlı əlaqələrin və parlamentlərarası münasibətlərin önəmindən danışan iranlı nazir ölkəsinin qardaş Azərbaycan xalqını hər zaman dəstəklədiyini və ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu  vurğuladı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmadığından təəssüf hissi keçirdiyini bildirən Əli Rəbii bu münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində aradan qaldırılacağına ümudvar olduğunu dedi.
Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin  iştirak edirdi.
 Söhbətdə qarşılıqlı maraq  doğuran  bir  sıra  məsələlərə toxunuldu.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU