MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
25 aprel 2015 | 12:04   
Paylaşın:        

Aprelin 24-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Qadınlar Federasiyasının katibi xanım Çjao Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ölkələrimizin tarixi köklərə əsaslanan dostluq əlaqələrindən danışan Bahar Muradova bildirdi ki, indiyədək Azərbaycan ilə Çin arasında 40-dək ikitərəfli sənəd imzalanıb. Bu sənədlər əməkdaşlıq üçün yaxşı hüquqi baza yaradır. Ölkələrimizin iqtisadi əlaqələri də getdikcə genişlənir. Son illərdə iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb. Parlamentlərarası əlaqələri yüksək qiymətləndirən Milli Məclis Sədrinin müavini Bahar Muradova qanunverici orqanlardakı dostluq qruplarının səmərəli əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğuladı.
Azərbaycanda həyata keçirilən qadın siyasətindən danışan Bahar Muradova bildirdi ki, ölkəmizdə hələ 1918-ci ildə Şərqdə ilk olaraq qadınlara seçmək hüququ verilmişdir. Bu gün bütün strukturlarda, o cümlədən qanunverici orqanda təmsil olunan qadınlarımız ölkə həyatında fəal iştirak edirlər.
Söhbət zamanı vitse-spiker Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara ətraflı məlumat verdi.
Çin Xalq Respublikası Qadınlar Federasiyasının katibi xanım Çjao Yan Azərbaycanın sahib olduğu maddi və mənəvi dəyərlərdən, burada gördüyü inkişafdan heyranlıqla söz açdı. Bildirdi ki, iki ölkə arasında əlaqələr getdikcə möhkəmlənir. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq sənədlər çərçivəsində həllinə tərəfdar olduğunu qeyd etdi. O, təmsil etdiyi qurumun fəaliyyəti barədə də məlumat verdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU