MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
28 aprel 2015 | 05:04   
Paylaşın:        

Aprelin 28-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Ukrayna xarici işlər nazirinin müavini Natalya Qalibarenko ilə görüşdü.
Azərbaycan-Ukrayna əlaqələrinə toxunan I vitse-spiker bildirdi ki, ukraynalı dostlarımızı görməyə həmişə şadıq. Ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir, dostluq və əməkdaşlıq əlaqələrimiz getdikcə möhkəmlənir. Parlamentlərarası əlaqələrimizdən məmnunluqla söz açan Ziyafət Əsgərov iki ölkənin qanunverici orqanları arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu vurğuladı, martın sonlarında Azərbaycana səfər etmiş Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşlər barədə xoş təəssüratlarını bölüşdü.
Ölkəmizə ilk dəfə səfərə gələn Ukrayna xarici işlər nazirinin müavini Natalya Qalibarenko Azərbaycanda olmaqdan məmnunluq duyduğunu qeyd etdi. Bakının gözəlliyinə, şəhərdə aparılan abadlıq və quruculuğa heyranlığını bildirdi. Ukraynada sabitlik bərpa olunduqdan sonra belə bir inkişafa start verilməsini arzuladıqlarını dedi. 
Sonra Azərbaycan-Ukrayna münasibətlərinin perspektivlərinə,  ölkələrimiz arasında ən müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıldı.
Görüşdə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko, digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU