AZƏRBAYCAN-İORDANİYA PARLAMENT ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
28 aprel 2015 | 05:04   
Paylaşın:        

Aprelin 28-də Milli Məclisin İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn İordaniya parlamentinin Nümayəndələr Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri Hazim Qaşu ilə görüşdülər.
İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəriman Əliyev qonağı Milli Məclisdə salamlayaraq belə görüşlərin əhəmiyyətli olduğunu bildirdi. Ölkəmizin dinamik inkişafı, həyata keçirilən quruculuq işləri, əldə olunan nailiyyətlər barədə  danışdı. Sonra qonağa Milli Məclisin İordaniya ilə dostluq qrupunun tərkibi və fəaliyyəti barədə məlumat verildi. Qeyd edildi ki, ölkələrimizin dostluq əlaqələrinin genişlənməsində qanunvericilik orqanları arasındakı əməkdaşlıq  mühüm rol oynayır. Dostluq qruplarının qarşılıqlı səfərləri parlamentlərarası əməkdaşlığın inkişafına öz müsbət töhfəsini verir. Deputatlarımız, eyni zamanda, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərirlər.
İordaniya parlamentinin Nümayəndələr Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri Hazim Qaşu III Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində Bakıda keçirilən tədbirləri yüksək qiymətləndirdi. Azərbaycanda siyasi, iqtisadi, sosial  sahələrdə gedən tərəqqinin təqdirəlayiq olduğunu söylədi. Parlamentlər arasında münasibətlərin möhkəmləndirilməsini, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsini önəmli hesab etdi.
Söhbət zamanı Azərbaycanın son vaxtlar ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin, o cümlədən bu yaxınlarda keçiriləcək Birinci Avropa Oyunlarının əhəmiyyəti yüksək dəyərləndirildi. Ölkələr arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparıldı.
Görüşdə iştirak edən millət vəkilləri Çingiz Qənizadə, Fazil Mustafa parlamentlər arasında əlaqələrin inkişafı, deputatların qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyəti barədə fikirlərini açıqladılar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU