KÜVEYT MİLLƏT MƏCLİSİNİN DEPUTATLARI PARLAMENTDƏ

XƏBƏRLƏR
01 may 2015 | 03:05   
Paylaşın:        

Mayın 1-də Milli Məclisin Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  Küveyt Dövləti Millət Məclisinin Azərbaycanla Dostluq qrupunun rəhbəri Saud Nəşmi Əl-Hureycinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hüseynbala Mirələmov qonaqları salamlayaraq bildirdi ki, ölkəmiz  Küveytlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Qeyd edildi ki, belə görüşlər münasibətlərimizin dərinləşməsinə xidmət edir. Millət vəkili ölkəmizdə bütün sahələrdə uğurla həyata keçirilən islahatlar, insanların rifah halının yaxşılaşdırılması naminə görülən işlər barədə danışdı. Bildirildi ki, bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün siyasətin nəticəsidir və bu gün dövlət başçısı İlham Əliyev bu strategiyanı uğurla davam etdirir. O, hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın  möhkəmləndirilməsinin vacibliyini söylədi.  Parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları arasında ünsiyyətin mütəmadi xarakter almasını təqdirəlayiq hesab etdi.
Söhbət zamanı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisi olaraq son illərdə ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin  keçirilməsi, bu baxımdan Bakıda təşkil olunacaq Birinci Avropa Oyunlarının əhəmiyyəti yüksək dəyərləndirildi. Bildirildi ki, bütün sahələrdə gedən dinamik inkişaf, əldə olunan yüksək nailiyyətlər sayəsində ölkəmiz regionda lider dövlətə çevrilib.
Görüşdə dostluq qrupunun üzvləri - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Sosial  siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək bildirdilər ki, dövlətlərimiz arasında münasibətlərin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1995-ci ildə qoyulub. Millət vəkilləri siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrimizin inkişaf etdirilməsininin vacibliyindən bəhs etdilər. Azərbaycanın beynəlxalq layihələrin həyata keçirilməsində rolunu vurğuladılar. Deputatlarımızın qarşılıqlı səfərlərinin, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində təmaslarının önəmli olduğunu qeyd etdilər. Bildirildi ki, Azərbaycan bu gün güclü dövlətdir ona görə ki, onun çoxlu dostları var və bu dostlardan biri də Küveytdir.
Küveyt Millət Məclisinin Azərbaycanla Dostluq qrupunun rəhbəri Saud Nəşmi Əl-Hureyci nümayəndə heyəti adından səmimi görüşə görə minnətdarlığını ifadə etdi. Ölkəmizdə müşahidə olunan inkişafdan məmnun qaldıqlarını bildirdi. Qeyd edildi ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının əlaqələri, qarşılıqlı səfərlər təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir. Parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi digər sahələrə də öz müsbət təsirini göstərir.
Küveytli deputatlar çıxışlarında söylədilər ki, Azərbaycan xalqı sülhsevər xalqdır, insanlar sabitlik, əminamanlıq şəraitində yaşayırlar. Qonaqlar  ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, bunun üçün mövcud olan potensial imkanlardan danışdılar.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, aqrar, elm, təhsil, enerji, neft-qaz sahələrində əlaqələrin gücləndirilməsi, investisiya qoyuluşu və tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU