AZƏRBAYCAN-KÜVEYT MÜNASİBƏTLƏRİ İNİKİŞAF EDİR

XƏBƏRLƏR
01 may 2015 | 05:05   
Paylaşın:        
Mayın 1-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Küveyt Dövləti Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü. 
Qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərin dərinləşməsinə töhfə olduğunu bildirən Ziyafət Əsgərov qeyd etdi ki, bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının böyük rolu vardır. O, Prezident İlham Əliyevin 2009-cu ildə Küveytə olan rəsmi səfərini xatırladaraq vurğuladı ki, bu səfərlə ölkələrimiz arasındakı əlaqələr yeni mərhələyə qədəm qoydu. 
Görüşdə qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılması baxımından parlamentlərarası əlaqələrin də inkişaf etdirilməsinin vacib olduğu bildirildi. Qeyd olundu ki, iki ölkə arasında iqtisadi münasibətləri daha da inkişaf etdirmək üçün potensial kifayət qədərdir. 
1990-cı illərin əvvəllərində Küveyt dövlətinin azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərdiyi yardımı xatırlayan Ziyafət Əsgərov təəssüf hissi ilə qeyd etdi ki, həmin qaçqın və məcburi köçkünlərin problemləri hələ də həll olunmayıb. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Ermənistan tərəfi böyük sayğısızlıq nümayiş etdirərək beynəlxalq təşkilatların bu problemlə bağlı qəbul etdikləri qətnamələrə məhəl qoymur.
Görüşdə qonaqlara Xocalı soyqırımı barədə də məlumat verildi. Bildirildi ki, ermənilər bir gecədə 613 nəfər Xocalı sakinini qətlə yetiriblər. Təəssüf ki, bir neçə müsəlman dövləti, eləcə də Küveyt bununla bağlı heç bir qətnamə qəbul etməyib. Qeyd olundu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri ermənilər ölkəmizdə 30-dan çox terror hadisəsi törədiblər. Bütün bu haqsızlıqlara dünya birliyi hələ də biganə yanaşır.
Küveyt Dövləti Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Saud Nəşmi Əl-Hureyci isə öz növbəsində bildirdi ki, Küveyt dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və hazırda da dəstəkləyir. O, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını qeyd etdi. Qonaq daha sonra Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxundu və xalqımızın çox qonaqpərvər olduğunu dilə gətirdi. Qonaq vurğuladı ki, qarşılıqlı səfərlər əlaqələrimizin daha da dərinləşməsinə kömək edəcək. Belə olarsa, xalqlarımız bir-birinə daha da yaxınlaşacaq.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparıldı. 


Milli Məclisin
Mətbuat  xidməti 




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU