AZƏRBAYCAN-SERBİYA MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
04 may 2015 | 05:05   
Paylaşın:        
Mayın 4-də Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə nazir xanım Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Məlahət İbrahimqızı  bu cür görüşlərin keçirilməsinin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırdı. Azərbaycanla Serbiyanın dostluq əlaqələrinin ildən-ilə gücləndiyini deyən Məlahət İbrahimqızı  iki ölkə arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd etdi. 
Parlamentlərarası əlaqələrdən danışan Məlahət İbrahimqızı bildirdi ki, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin genişlənməsində hüquqi baza rolunu oynayır və  parlamentarilərimizin əməkdaşlığının gücləndirilməsi əhəmiyyətlidir. 
İşçi qrupunun rəhbəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə nümayəndə heyətinə məlumat verdi. Bildirdi ki, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Münaqişənin həlli istiqamətində BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan erməni işğalçıları beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər edir. 
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək ölkəmizdə keçiriləcək Avropa Oyunları ərəfəsində bir sıra qüvvələrin bu tədbirə mane olmaq cəhdlərindən danışdı. Qeyd etdi ki, onların bu cəhdləri heç bir nəticə verməyəcək və ölkəmiz bu böyük tədbiri yüksək səviyyədə keçirməyə hazırdır. 
Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyətinin rəhbəri xanım Yadranka Yoksimoviç  Azərbaycana səfərindən məmnun olduğunu qeyd etdi və təmsil etdiyi partiyanın fəaliyyəti barədə məlumat verdi. O, bu səfərin mövcud əməkdaşlığı daha da genişləndirəcəyinə ümidvar olduğunu bildirdi.
İki ölkə arasındakı dostluq əlaqələrindən danışan  Yadranka Yoksimoviç iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsi üçün geniş potensial olduğunu diqqətə çatdırdı.  Qonaq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdırlar və Serbiya da Kosova problemindən əziyyət çəkdiyi üçün bu mövzu onlara yaxşı tanışdır.
Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputat Astan Şahverdiyev, Serbiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri xanım Katarina Rakiç və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin 
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU