MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
04 may 2015 | 06:05   
Paylaşın:        

Mayın 4-də Milli Məclis Sədrinin müavini Bahar Muradova YAP-ın dəvəti ilə ölkəmizdə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyəti ilə görüşdü.
Qonaqların əlamətdar dövrdə Bakıya gəldiyini vurğulayan vitse-spiker qarşıda bizi böyük beynəlxalq tədbirlər gözlədiyini dedi.  Azərbaycanla Serbiya arasında münasibətlərin hər iki tərəfi qane edəcək səviyyədə olduğunu vurğuladı. Ticarət, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin dost ölkələrə layiq səviyyədə qurulduğunu bildirdi. Münasibətlərin inkişafında Azərbaycan və Serbiyanın dövlət başçılarının, parlament və hökumət rəhbərlərinin rolunu xüsusi qeyd etdi.
Vitse-spiker ötən ilin dekabrında Azərbaycanda səfərdə olmuş Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviçlə görüşlərdən bəhs etdi. Serbiya parlamentində qadın deputatların sayca çoxluğundan məmnunluqla söz açdı. Azərbaycan Milli Məclisində təmsil olunan qadın deputatların ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak etdiklərini diqqətə çatdırdı. Bahar Muradova  parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının fəaliyyətini müsbət dəyərləndirdi. Ölkələrimiz arasında rəsmi diplomatiya ilə yanaşı parlament diplomatiyasının da mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Söhbət zamanı Dağlıq Qarabağ probleminə toxunan Milli Məclis Sədrinin müavini Serbiyanın iqtidar partiyasının bu münaqişənin çözülməsinə töhfələr verə biləcəyini qeyd etdi. Bahar Muradova dedi ki, Serbiya və Azərbaycanın hakim partiyaları olan Tərəqqipərvər Partiya ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin genişlənməsi bir sıra yeni və mühüm layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Serbiya Tərəqqipərvər Partiyasının beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə nazir xanım Yadranka Yoksimoviç Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşdü. Serbiya parlamenti və təmsil etdiyi siyasi partiya  barədə məlumat verdi. YAP-la bu gün Anlaşma Memorandumu imzaladıqlarını bildirdi. Dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələsində Azərbaycanla həmfikir olduqlarını nəzərə çatdırdı. Vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.
Fikir mübadiləsində Serbiya nümayəndə heyətinin başçısı və üzvləri ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdilər.
Görüşdə Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, Serbiya-Azərbaycan parlament dostluq qrupunun sədri xanım Katarina Rakiç, digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU