MİLLİ MƏCLİSDƏ ULU ÖNDƏRİN GƏNCLƏR SİYASƏTİNƏ HƏSR OLUNMUŞ DİNLƏMƏLƏR KEÇİRİLDİ

XƏBƏRLƏR
05 may 2015 | 06:05   
Paylaşın:        

Mayın 5-də Milli Məclisin Sosial siyasət komitəsində icra  strukturları, gənclər  təşkilatları  və QHT nümayəndələrinin iştirakı  ilə “Heydər  Əliyev  və gənclər  siyasəti  sahəsində  qanunvericilik”   mövzusunda  dinləmələr  keçirildi.
  Toplantını  giriş  sözü  ilə  açan  komitə  sədri  Hadi  Rəcəbli  dedi ki, bu  tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci il ildönümü münasibətilə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü  ilə keçirilir. Bildirildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz yorulmaz fəaliyyəti dövründə daim gənclərə etimad göstərib, onların inkişafını diqqət mərkəzində saxlayıb. O, Azərbaycanda gənclər siyasətinin formalaşmasından, inkişafından, bu sahədə qəbul edilmiş qanunvericilik aktlarından danışdı, birinci Avropa Oyunlarının əhəmiyyəti barədə  fikirlərini açıqladı. Qeyd olundu ki, Azərbaycanın dahi şəxsiyyəti, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin xidmətləri sayəsində xalqımız siyasi və iqtisadi müstəqilliyin möhkəm təməlini yaratdı, müstəqil dövlət qurmaq, onu qoruyub yaşatmaq üçün tarixin verdiyi imkanları reallaşdırdı.
Komitə  sədri gənclərə Milli Məclisin strukturu, iş prinsipləri barədə də ətraflı məlumat verdi. Bildirildi ki, parlamentdə qəbul edilən qanunlar  millətin genofondunu təşkil edən gənclərin inkişafı, formalaşması üçün yaxşı imkanlar yaradır. Bu gün gənclər ölkədə bütün sahələrdə təmsil olunur, müxtəlif uğurlara imza atır.
Milli Məclis sədrinin müavini Bahar Muradova təməlini ulu öndər Heydər Əliyevin qoyduğu böyük inkişafın və uğurların təkcə ölkəmizə deyil, bütövlükdə regiona faydalı olduğunu dedi. Vitse-spiker ulu öndərin Azərbaycana rəhbərliyi dövründə ölkədə bütün sahələrdə qazanılan uğurlardan danışaraq müasir Azərbaycan parlamentinin yaradılmasında və formalaşmasında ulu öndərin xidmətlərini qeyd etdi. Bahar Muradova bildirdi ki, Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu gün Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. Qeyd  olundu ki, hazırda dünyada Azərbaycanı sevənlərlə yanaşı, qüdrətlənməsini, uğurlarını qısqanclıqla qarşılayanlar da var. Lakin Heydər Əliyev ideyasını daşıyan gənclərimiz ölkəmizə qarşı məkrli niyyəti olanların qarşısında cəsarət və mətanətlə dayanır. Bugünkü gənclik onu  deməyə  əsas  verir ki,  Azərbaycanın gələcəyi çox inamlı və etibarlı əllərdə olacaq.
Toplantıda  iştirak  edən Gənclər və idman nazirinin müavni İntiqam Babayev ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı,  onun idarəçiliyi dövründə ölkəmizdə həyata keçirilən nəhəng layihələrdən  söz  açdı. Hazırda 2016-2020-ci illəri əhatə edəcək yeni “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlandığını bildirdi.
Milli Məclisin  deputatları  Sədaqət  Vəliyeva, Sevinc  Hüseynova, Rauf  Əliyev, Sosial  qanunvericilik  şöbəsinin müdiri Adilə Abasova, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının baş katibi Şahin Seyidzadə,  digər  gənclər  təşkilatlarının  nümayəndələri öz  çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycan xalq qarşısında əvəzsiz xidmətlərindən danışdılar. Qeyd olundu ki, xalqımıza  zəngin  irs  qoyan Heydər Əliyev ölkənin ardıcıl inkişaf yolunu müəyyənləşdirib, hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradılıb. Daim Azərbaycanın müstəqilliyinin dönməzliyi onun ölümsüz  adı  ilə bağlı olacaq. 
Görüşdə, Ulu öndər tərəfindən ölkənin gənclər siyasəti ilə bağlı qanunvericiliyinə verilən töhfələrdən danışıldı, Birinci  Avropa  Oyunları  ilə əlaqədar fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU