MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
06 may 2015 | 05:05   
Paylaşın:        
Mayın 6-da Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Vyetnam Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri general-leytenant Than Dinh Nha ilə görüşdü.
Qonağı salamlayan Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Azərbaycanla Vyetnam arasında hələ sovet dövründən yaxşı  münasibətlərin olduğunu, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, müansibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu vardır. 
Valeh Ələsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişafının, təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi qeyd etdi. Diqqətə çatdırdı ki, hələ sovet dövründə vyetnamlı gənclər Azərbaycanın bir sıra ali təhsil ocaqlarında, o cümlədən Neft Akademiyasında təhsil alır və ölkələrinə mütəxəssis kimi dönürdülər. Bu gün də bu ənənə davam edir. 
Azərbaycanın güclü iqtisadiyyata malik ölkə olduğunu deyən vitse-spiker qonaqlara ölkəmizin keçdiyi inkişaf yolu, neft strategiyası, energetika sahəsində həyata keçirilən layihələr barədə məlumat verdi.  
Vyetnamın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu deyən Than Dinh Nha bildirdi ki, Azərbaycanın sürətli iqtisadi inkişafına çox sevinirlər. Bakıda təhsil aldığı illəri xatırlayan qonaq ölkələrimizin mövcud dostluq  münasibətlərindən danışdı, qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin xüsusi rolunu qeyd etdi. Bildirdi ki, qarşılıqlı münasibətləri inkişaf etdirmək üçün hər iki ölkənin geniş imkanları mövcuddur. Bu baxımdan qarşılıqlı səfərlərin intensivləşdirilməsi mühüm əhəmiyyətə malikdir.
Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı.   
Görüşdə Azərbaycan-Vyetnam parlamentlərarası işçi qrupunun üzvü deputat Arif Əşrəfov, ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin 
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU