CEYMS PATRİK MORAN: “AZƏRBAYCANA və AZƏRBAYCAN XALQINA HEYRANAM.”

XƏBƏRLƏR
12 may 2015 | 03:05   
Paylaşın:        

Mayın 12-də Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moranla görüşdü.
Qonağı mehribanlıqla qarşılayan Səməd Seyidov ölkəmizin I Avropa Oyunları ərəfəsində olduğunu diqqətə çatdırdı. Azərbaycanda ABŞ-la hərtərəfli əlaqələrin inkişafına önəm verildiyini bildirdi. Hazırda beynəlxalq aləmdə gərgin vəziyyətin hökm sürdüyünü qeyd edərək dostluq və əməkdaşlığın möhkəmləndirilməsi vacibliyindən söz açdı.
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə vurğuladı ki, ABŞ hər zaman Azərbaycanın yanındadır və müstəqillikdən bəri ölkəmizi  dəstəkləyib. İkitərəfli əlaqələrimiz durmadan inkişaf edir. Azərbaycan bir çox sahələrdə, xüsusilə enerji təchizatı və terrorizmə qarşı mübarizə məsələlərində ABŞ-la əməkdaşlıq edir. 
Söhbət zamanı Dağlıq Qarabağ probleminə, Ukraynadakı böhrana və beynəlxalq aləmdəki digər aktual məsələlərə  toxunuldu.
Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moran Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirdi. Bakıya ötən səfərlərini xatırlayaraq hər gəlişində böyük dəyişikliklərin şahidi olduğunu vurğuladı. Ölkəmizin coğrafi mövqeyini, potensialını, insan resurslarını dilə gətirərək Azərbaycana və Azərbaycan xalqına heyranlığını ifadə etdi. I Avropa Oyunlarının burada keçirilməsinin böyük əhəmiyyət daşıdığını dedi.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən Azərbaycanın ABŞ-da təbliğatının genişləndirilməsi və daha yaxından tanıdılması istiqamətində AFAZ-ın görəcəyi işlər barədə fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin

Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU