AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
02 aprel 2012 | 09:04   
Paylaşın:        

Martın 30-da  Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclasın gündəliyinə Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə,  İnzibati Xətalar, Vergi və Mənzil məcəllələrində, habelə “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilmişdir.
Komitə sədri Eldar İbrahimov iclası açaraq bildirdi ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarını bu qanuna uyğunlaşdırmaq üçün bir sıra zəruri dəyişikliklər nəzərdə tutulub. Qeyd edildi ki,  müzakirəyə çıxarılan sənədlər ölkə Prezidentinin imzası ilə Milli Məclisə təqdim olunub.
İclasda çıxış edən Milli Məclis Aparatı İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov adları çəkilən qanun layihələri barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu qanunlarda  hazırda qüvvədə olan bir sıra fəsil və maddələrin adlarının, orada istifadə olunan ifadələrin digərləri ilə əvəzlənməsi təklif olunur, bəzi maddə və bəndlər yeni redaksiyada verilir. Qeyd olundu ki, torpaq münasibətlərini tənzimləyən maddələrdə ediləcək dəyişikliklər mövcud qanunvericilikdəki boşluqların aradan qaldırılmasına təminat verəcək,  əhalinin mülkiyyət hüququnun daha yaxşı müdafiə olunmasına xidmət edəcəkdir.
Müzakirələr zamanı komitə üzvləri qanun layihələrində nəzərdə tutulan dəyişikliklərin vacibliyi barədə öz fikirlərini açıqladılar. Deputatlar gündəlikdəki məsələlərin Milli Məclisin plenar iclasına çıxarılması barədə qərar qəbul etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU