ALMANİYA BUNDESTAQININ AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
14 may 2015 | 04:05   
Paylaşın:        

Mayın 14-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun nümayəndələri  ilə  görüşü  keçirildi.
Qonaqları salamlayan Milli Məclisin Hüquq  siyasəti  və dövlət  quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bu cür görüşlərin iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirdi. Qeyd  olundu ki, xalqlarımızı bir-birinə  səmimi tellər  bağlayır,  ikitərəfli əməkdaşlıq  dinamik şəkildə inkişaf  edir. Bildirildi ki, öz azadlığını qazandıqdan sonra Azərbaycan hüquqi və demokratik inkişaf yolu seçib. Bu gün ölkəmizdə təkcə iqtisadi sahədə deyil, həmçinin insan hüquq və azadlıqlarının qorunması, hüququn aliliyi və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində böyük irəliləyişlərə nail olunub.  Azərbaycan Cənubi Qafqaz  regionunda  lider  dövlətə çevrilib. Sonra o,  bu   yaxınlarda  Azərbaycanın  ev  sahibliyi  edəcəyi  birinci Avropa Oyunlarına  hazırlıq  işləri  barədə  qonaqlara  məlumat  verdi, bu mötəbər yarışın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirdi.
 Qonaqlara  Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ  münaqişəsinin yaranması  və mövcud  durumu  haqqında  danışan  Rövşən Rzayev  bildirdi ki,  bu problem  Azərbaycanın sürətli  inkişafını əngəlləməklə bərabər  regionun  təhlükəsizliyini də  təhdid  altında  saxlayır. O,  bir  milyondan  artıq  soydaşımızın öz doğma vətənindən didərgin salındığını, Ermənistan  dövlətinin   beynəlxalq  təşkilatların  qəbul  etdikləri  sənədlərə  əhəmiyyət  vermədiyini  dilə gətirdi.
Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun rəhbəri xanım Karin Ştrenz səmimi  görüş  üçün  minnətdarlığını  bildirdi. Qeyd  olundu ki, Almaniya Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək arzusundadır. Bu gün iqtisadi əlaqələrimiz yüksələn xətt üzrə davam edir. Karin Ştrenz birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini çox mühüm hadisə adlandıraraq dedi: “Biz də bu mötəbər tədbirdə iştirak edəcəyik və oyunları izləyəcəyik. İdman xalqlar arasında dostluq münasibətlərinin körpüsüdür”. Sonra o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduğunu bildirdi, münaqişənin tezliklə  sülh  yolu ilə  həllinə  ümidvar  olduğunu bəyan etdi.
Görüşdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər  barəsində  fikir  mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU