Qırğız Respublikasının Prezidenti Milli Məclisdə oldu, deputatlar qarşısında çıxış etdi

XƏBƏRLƏR
31 mart 2012 | 11:03   
Paylaşın:        

Martın 30-da Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdən sonra Milli Məclisin iclas zalına gəldi və deputatlar qarşısında çıxış etdi.
Prezident Almazbek Atambayev dərin tarixi kökləri olan ölkələrimizin yaxın keçmişinə nəzər saldı. Bildirdi ki, ötən əsrin 30-cu illərində repressiyaya məruz qalan 10 minə yaxın azərbaycanlı Qırğızıstana köçürülmüşdür. Qırğızıstanı özlərinə yeni vətən seçən bu insanlar hər şeyə sinə gərərək böyük uğurlar əldə etmişlər. İndi Qırğızıstanda 3 professor, 3 elmlər doktoru, 20 elmlər namizədi dərəcəsi olan azərbaycanlı yaşayır. Elmin, sənayenin müxtəlif sahələrində çalışan bu azərbaycanlılar ölkə həyatında yaxından iştirak edir, töhfələrini verirlər. Dövlət başçısı dedi:
“Əziz dostlar, qırğızların və azərbaycanlıların dövlətçilik yolu çox çətin və kəşməkəşli olmuşdur. Atalarımız və babalarımız çox cəsur və azadlığı sevən insanlar olmuşlar. Onlar əsrlər boyu türk ruhunu özlərində qoruyaraq tariximizi, adətlərimizi bu günə qədər yaşadıblar. Biz atalarımızın və babalarımızın dediklərinə əməl etməliyik. “Ataların sözü, xalqın gözü” deyimi vardır. Bunun əsl mənası bizim möhtəşəm “Manas” və “Dədə Qorqud” dastanlarında vardır. Çox hörmətli Heydər Əliyevin dediyi kimi, “Dədə Qorqud” və “Manas” qədim köklərimizi, bizim xalqlarımızın birgə tarixini və mədəniyyətini sübut edir.”
Qırğız Respublikasının Prezidenti bildirdi ki, müstəqilliyimizi daha da möhkəmləndirmək istiqamətində vahid mövqeyimiz, ümumi yanaşmamız vardır. Biz separatizmə qarşı çıxırıq, ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərimizin toxunulmazlığının tərəfdarıyıq. Qarşılıqlı əməkdaşlığımız regional təşkilatlarda, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında bir-birimizi dəstəkləməyimizlə seçilir. Bu yaxınlarda Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının növbəti sessiyası, ardınca isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti keçiriləcəkdir. Bu sammitin keçirilməsi türkdilli dövlətlərin əlaqələrinin daha da yaxınlaşması baxımından mühüm hadisədir. Sonra Prezident dedi:
“Əziz dostlar, çox hörmətli Heydər Əliyev 1995-ci ildə “Manas” dastanının 1000 illiyinin qeyd olunduğu zaman demişdi: “Bizim qırğızlarla dilimiz bir, dinimiz birdir. Tarix bizə türk dövlətlərinin birliyini qurmaq üçün daha bir şans verir””.
Qırğız Respublikasının Prezidenti ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanları da xatırlayaraq xalqımıza xoşbəxt gələcək arzuladı və bildirdi ki:
Qardaş Azərbaycan xalqına xoşbəxtlik və rifah arzu edirəm.
Yaşasın Azərbaycan və Qırğızıstan dostluğu!
Yaşasın Azərbaycan!
Təşəkkür edirəm.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU