İTALİYA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ PARLAMENTDƏ

XƏBƏRLƏR
03 iyun 2015 | 03:06   
Paylaşın:        

İyunun 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İtaliya Senatının nümayəndə heyəti ilə görüşdülər.
İtaliya Senatında təmsil olunan Movimento 5 Stelle (5 ulduz hərəkatı) partiyasının üzvlərindən ibarət nümayəndə heyətini mehribanlıqla salamlayan Milli Məclisin deputatı Fuad Muradov qeyd etdi ki, Azərbaycanın siyasi rəhbərliyi Azərbaycan-İtaliya münasibətlərinə çox önəm verir. Ölkələrimiz beynəlxalq təşkilatlarda, ümumbəşəri məsələlərin müzakirəsində bir-birini dəstəkləyir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv olanda da biz dost İtaliyanın dəstəyini hiss etmişik. Siyasi əlaqələrimizin inkişafında parlamentlər böyük rol oynayır. Bu baxımdan Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti də təqdirə layiqdir.
Söhbət zamanı əməkdaşlıq əlaqələrimizə toxunan Fuad Muradov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə İtaliya və Vatikanın tarixi-mədəni abidələrinin qorunmasına verdiyi dəstəyi xüsusi qeyd etdi. Ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında hər iki ölkənin səfirlərinin mühüm xidmətləri olduğunu vurğuladı.
Görüşdə İtaliya Senatının Sənaye, ticarət və turizm daimi komissiyasının üzvü Canluka Kastaldi bildirdi ki, Azərbaycanın İtaliyadakı səfiri ölkənin bütün siyasi qüvvələri ilə yaxşı əlaqələr qurub və bu əlaqələr münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. Sonra o, İtaliya parlamentində Deputatlar Palatasının və Senatın tərkibi və iş qaydası barədə məlumat verdi. Təmsil etdiyi partiyanın İtaliyada ikinci güclü siyasi qüvvə kimi tanındığını bildirdi, Movimento 5 Stelle partiyasının fəaliyyətindən və məramından söz açdı.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən Muxtar Babayev öncə ölkəmizdə keçiriləcək I Avropa Oyunlarından söz açdı. Sonra qonaqlara Azərbaycanın iqtisadi imkanları, həyata keçirilən yeni enerji layihələri, İtaliyanın iri şirkətləri ilə əməkdaşlığımız barədə danışdı. İtalyan mütəxəssislərin Azərbaycanın qida sənayesi və şərabçılıq, yüngül sənaye və mədəniyyət sahələrinə böyük maraq göstərdiklərini vurğuladı. Bildirdi ki, ötən ilin yekunlarına görə, İtaliya bizim ən böyük ticarət partnyorumuz olubdur.
Azərbaycanla İtaliya arasındakı idxal-ixracın həcmindən söz açan  Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Malik Həsənov konkret rəqəmləri dilə gətirdi. Dost ölkələrimiz arasında daim inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrdən bəhs edərək vurğuladı ki, bu görüş parlamentlərarası əlaqələrimizin inkişafına yeni təkan verəcək.
Görüşdə İtaliya Senatının İctimai işlər və kommunikasiya daimi komissiyasının üzvü Andrea Çoffi, Sənaye, ticarət və turizm daimi komissiyasının üzvü Vito Petroçelli Azərbaycanla iqtisadi, mədəni, ticari əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşdülər.
Görüşdə səmərəli fikir mübadiləsi aparıldı. 

 
 Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU