İTALİYA SENATININ NÜMAYƏNDƏLƏRİ DEPUTATLARLA GÖRÜŞDÜ

XƏBƏRLƏR
03 iyun 2015 | 04:06   
Paylaşın:        

İyunun 3-də  Milli Məclisin İtaliya  ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, o cümlədən Hüquq  siyasəti  və dövlət  quruculuğu komitəsinin deputatları ölkəmizdə səfərdə olan İtaliya  Senatında “Movimento 5 Stelle” (5 ulduz  hərəkatı)  partiyasını təmsil edən  nümayəndələrlə görüşdülər.
Qrupun rəhbəri Azər Kərimli qonaqları salamlayaraq, onlara Azərbaycanın müstəqillik qazandıqdan  sonrakı uğurlarından  söhbət  açdı. Bildirildi ki, ölkəmiz  bu gün Cənubi Qafqazın ən qüdrətli  dövlətidir və beynəlxalq  qurumlarda - NATO, ATƏT, Avropa Şurası,  BMT kimi  nüfuzlu  təşkilatlarda söz sahibinə çevrilib. O,  ölkə  rəhbərliyinin dünya dövlətləri, o cümlədən İtaliya ilə əlaqələrin inkişafına böyük önəm  verdiyini  qeyd  etdi.
Görüşdə iştirak edən millət vəkilləri Rövşən Rzayev, İlham Əliyev, Qüdrət  Həsənquliyev Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya, Vatikana səfərləri zamanı aparılan danışıqların və imzalanmış  sənədlərin  əhəmiyyətini  yüksək  qiymətləndirdilər.
Qonaqlara  Milli Məclisin  fəaliyyəti,  Azərbaycanın  təşəbbüskarı  və iştirakçısı  olduğu  qlobal  layihələr, ölkədə  həyata  keçirilən islahatların gedişatı, yaxın  günlərdə Bakının ev  sahibliyi  edəcəyi I Avropa  oyunlarına hazırlıq barədə  geniş  məlumat verildi. Millət  vəkilləri Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ  münaqişəsinin həllində İtaliyanın  haqqın və ədalətin  tərəfində  olacağına  inandıqlarını  diqqətə çatdırdılar. Bildirildi ki, bu gün Milli Məclisdə  İtaliya  ilə əlaqələr  üzrə  işçi  qrupu  fəaliyyət  göstərir. Deputatlarımız müxtəlif  beynəlxalq  təşkilatlarda  səmərəli  əməkdaşlıq  edirlər.  Nümayəndə  heyətlərinin  qarşılıqlı  səfərləri  təcrübə  və informasiya  mübadiləsi baxımından  çox önəmlidir.
Səmimi görüş  üçün minnətdarlığını  bildirən  İtaliya  Senatının Sənaye ticarət  və turizm  daimi komissiyasının üzvü Canluka Kastaldi Azərbaycanda  gördüklərindən  məmnun  olduqlarını vurğuladı. Qeyd  edildi ki, ölkədəki inkişaf göz önündədir və İtaliya  Qafqazın bu bölgəsinə böyük maraq göstərir. Qonaq bildirdi ki, onun təmsil etdiyi ölkə Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına və ölkədə aparılan  islahatlara gələcəkdə də dəstək vermək niyyətindədir.
Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU