MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
03 iyun 2015 | 05:06   
Paylaşın:        

İyunun 3-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri İtaliya Senatının nümayəndə heyəti ilə görüşdülər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları salamlayaraq belə səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə inamını ifadə etdi. Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini dedi. Komitə sədri dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. Deputatlarımızın nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurası Parlament Assambleyasında fəaliyyəti barədə danışdı. İtaliya nümayəndə heyətinin Avropa Şurasında və Avropa Birliyində Azərbaycana dəstək verməsinə görə təşəkkürünü ifadə etdi. Səməd Seyidov Dağlıq Qarabağ məsələsində İtaliyanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdi.
Görüşdə çıxış edən komitənin sədr müavini Sevinc Fətəliyeva ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından danışdı. Siyasi, iqtisadi, humanitar, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini söylədi. Deputatlarımızın beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq etdiyini bildirdi.  Millət vəkili italiyalı həmraklarını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırdı.
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli çıxış edərək Azərbaycanda həyatın ən müxtəlif sahələrində əldə edilmiş nailiyyətlərdən danışdı. İtaliya ilə elm, təhsil, səhiyyə sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini vurğuladı. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən danışdı.
İtaliya Senatının İctimai işlər və kommunikasiya daimi komissiyasının üzvü Andrea Çoffi, Sənaye, ticarət və turizm daimi komissiyasının üzvləri Canluka Kastaldi və Vito Petroçelli səmimi qəbul üçün minnətdarlıqlarını ifadə etdilər. Qonaqlar təmsil etdikləri Movimento 5 Stelle (5 ulduz hərəkatı) partiyası barədə danışdılar. İtaliyalı deputatlar Azərbaycanın strateji baxımdan güclü dövlətlərdən biri olduğunu vurğuladılar. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar olduğunu bildirdilər.
Söhbət zamanı siyasi, enerji, humanitar, təhsil, səhiyyə sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU