AZƏRBAYCAN-AVSTRALİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
04 iyun 2015 | 05:06   
Paylaşın:        
İyunun 4-də Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Avstraliya Parlamentinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşdülər. 
 Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev qonaqları Milli Məclisdə görməkdən məmnun olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, parlamentlərimiz arasında artıq dostluq qrupları yaradılıb və uğurla fəaliyyət göstərirlər.
Görüşdə Azərbaycanın keçdiyi tarixi yol, ölkədə gedən sosial-iqtisadi inkişaf prosesi və Milli Məclisin strukturu barədə qonaqlara məlumat verildi. Bildirildi ki, Azərbaycan Şərqdə ilk demokratik respublika olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ölkə parlamentinin də əsası qoyulub. XX əsrin 20-ci illərində ölkəmiz sovet ordusu tərəfindən işğal edilib və 70 il Sovet İttifaqının tərkibində qalıb. 1991-ci ildə isə öz müstəqilliyini bərpa edən Azərbaycan 20 ildən artıqdır ki, müstəqillik yolu ilə uğurla irəliləyir.
Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun üzvü Çingiz Əsədullayev Azərbaycan-Avstraliya parlamentləri arasındakı əlaqələrin önəmindən danışdı. Vurğuladı ki, Azərbaycan Milli Məclisində hazırda 70-dən artıq ölkə parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. İnanırıq ki, bu dostluq qrupu da iki ölkə arasındakı əlaqələrin dinamik inkişafına təkan verəcək.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verildi.
Avstraliya parlamentinin üzvü Lük Simpkins isə öz növbəsində  Azərbaycana səfərlərindən məmnun olduqlarını bildirdi. O, Azərbaycan-Avstraliya əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırdı.
Görüş qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi ilə davam etdirildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU