QABRİELA KUEVAS BARRON: “Meksika hər zaman Azərbaycanın yanındadır”

XƏBƏRLƏR
11 iyun 2015 | 05:06   
Paylaşın:        

İyunun 11-də  Milli Məclis Sədrinin birinci  müavini, Təhlükəsizlik  və müdafiə  məsələləri  komitəsinin sədri  Ziyafət  Əsgərov  ölkəmizdə  səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barronla  görüşdü.
Azərbaycan-Meksika əlaqələrindən söz açan Ziyafət Əsgərov son illər ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi. O, ölkələrimizin beynəlxalq qurumlardakı səmərəli əməkdaşlığından geniş söz açdı. Meksikanın həmin təşkilatlarda, eləcə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, Meksika parlamentində bu münaqişəyə və Xocalı soyqırımına dair qəbul edilən sənədlərə görə dost  ölkənin  hökumətinə təşəkkürünü bildirdi. Əlaqələrimizin inkişafında  hər  iki parlamentdə  fəaliyyət  göstərən  dostluq  qruplarının  işini  xüsusilə  vurğuladı. İndiyədək iki ölkə arasında 5 sənəd imzalandığını, 26 sənəd üzərində iş  aparıldığını  deyən  Ziyafət  Əsgərov iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət  qədər  potensialın olduğunu bildirdi.
Azərbaycana  ikinci dəfə səfər etdiyini söyləyən Qabriela Kuevas Barron bu dəfəki gəlişində ölkəmizdə daha böyük  tərəqqi  müşahidə etdiyini  bildirdi. Birinci Avropa Oyunlarını izləmək  üçün  Bakıda olduqlarını deyən qonaq Azərbaycanın bu geniş miqyaslı tədbirə ləyaqətlə  ev  sahibliyi  edəcəyinə  ümidvar olduğunu dedi.  Meksikanın hər zaman Azərbaycanın  yanında  olduğunu ifadə edən Barron bir çox sahələrdə ölkəmizin təcrübəsinin öyrənilməsinin önəmini qeyd etdi. Ötən il Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Meksika Senatı Xarici Əlaqələr  komitəsi arasında Bakıda imzalanan “Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında” Anlaşma Memorandumunu xatırladı və səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğuladı.
Görüşdə Azərbaycanın Meksikadakı  səfiri İlqar Muxtarov iştirak  edirdi. 
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU