DEPUTATIMIZ AŞPA-nın TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
13 iyun 2015 | 03:06   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının İstanbul konvensiyasına dair seminarında iştirak etmək üçün iyunun 15-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.
Tədbir AŞPA-nın və Gürcüstan parlamentinin təşkilatçılığı ilə həyata keçirilir. Toplantıdan öncə millət vəkili Sahibə Qafarovanın gürcüstanlı həmkarı Ququli Maqradze ilə birgə mətbuat konfransı olacaq.
 Seminarın açılış mərasimində Gürcüstan parlamentinin sədri Davit Usupaşvili, bu ölkənin ədliyyə naziri Tea Tsulukiani və AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin təmsilçisi, eyni zamanda qurumun  Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, Zorakılıqdan azad qadınlar şəbəkəsinin siyasi əlaqələndiricisi olan millət vəkili Sahibə Qafarovanın çıxışları nəzərdə tutulub. 
Yığıncaqda “İstanbul  konvensiyasının siyasi və hüquqi baxımdan təqdimatı”, “Məişət zorakılığına qarşı mübarizəyə dair milli qanunvericiliyin İstanbul konvensiyasına uyğunlaşdırılması” mövzularında məruzələr dinləniləcək. Mövzular ətrafında Gürcüstan parlamentinin müvafiq komitələrinin üzvləri ilə fikir mübadiləsi aparılacaq.
Deputatımız seminarda müzakirəyə çıxarılan məsələlərə öz  münasibətini bildirəcək.
Səfər iyunun 17-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU