AZƏRBAYCAN-İSVEÇRƏ MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
13 iyun 2015 | 05:06   
Paylaşın:        
İyunun 13-də Milli Məclis Sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası işçi qrupunun rəhbəri Bahar Muradova Azərbaycanda səfərdə olan İsveçrə Parlamentinin Kantonlar Şurasının üzvü, Azərbaycanla dostluq qrupunun sədr müavini Filippo Lombardi ilə görüşdü. 
Qonağı salamlayan Bahar Muradova Azərbaycan üçün çox əhəmiyyətli olan bir gündə yanımızda olduğuna görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, I Avropa Oyunları kimi bir tədbirin təşkil olunması bütün ölkələr üçün vacib əhəmiyyət kəsb edir. İnanırıq ki, ölkəmizdə təşkil edilmiş I Avropa Oyunları yüksək səviyyədə keçəcək və Prezident İlham Əliyevin dediyi kimi yalnız güclülər qalib gələcək.
Bahar Muradova diqqətə çatdırdı ki, bu gün Azərbaycanla İsveçrə arasında əlaqələr ən yüksək səviyyədədir.   Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu dostlarımıza və kənardan müşahidə edənlərə yaxşı tanışdır. Lakin ölkəmiz bəzən bu inkişafın məqsədinə uyğun gəlməyən münasibətlərlə üzləşir. I Avropa Oyunları ərəfəsində biz bunun şahidi olduq. Amma biz idmanın siyasətdən ayrı olması həqiqətinə inanırıq. Biz sevinirik ki, sizin kimi dostlar bu gün Azərbaycandadır.
İsveçrə Parlamentinin Kantonlar Şurasının üzvü, Azərbaycanla dostluq qrupunun sədr müavini Filippo Lombardi fantastik hadisə - I Avropa Oyunlarının açılışı münasibətilə ölkəmizdə olmasından böyük sevinc hissi keçirdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqı bir daha qısa bir müddət ərzində nəyə qadir olduğunu sübut etdi. Bu hadisə uzun müddət yaddaşlarda qalacaq.  
İki ölkə arasındakı münasibətlərdən danışan qonaq ölkələrimizin bir sıra məsələlərdə oxşar və yaxın olduğunu dedi. İqtisadi münasibətlərimizin də yaxşı olduğunu qeyd edən qonaq diqqətə çatdırdı ki, SOCAR-ı İsveçrədə hamı tanıyır və İsveçrənin də bir sıra şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Qonaq əlavə etdi ki, Azərbaycana səfəri ərəfəsində bir sıra sərmayəçilər ona Azərbaycana sərmayə yatırmaqda maraqlı olduqlarını bildiriblər və bu sahədə də danışıqlar aparmağa ehtiyac var.
Söhbət zamanı parlamentlərarası münasibətlərin inkişaf perspektivləri və bir sıra problemlərin parlamentlərarası qruplar vasitəsilə həlli barədə də fikir mübadiləsi aparıldı.
  Görüşdə Azərbaycan-İsveçrə parlamentlərarası işçi qrupunun üzvü, deputat Elton Məmmədov, ölkəmizin İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU