AŞPA-nın YAY SESSİYASINDA

XƏBƏRLƏR
18 iyun 2015 | 04:06   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə parlament nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlardan  Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildirlər.
Tədbirdə AŞPA-nın Daimi Komitəsi və Büronun fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Azərbaycanda demokratiya institutlarının fəaliyyəti,  Türkiyədə son parlament seçkilərinin nəticələri, Macarıstandakı son durum, Mərakeş parlamenti ilə münasibətlər, Ukraynada münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi, media etikası və bu sahədə şəffaflığın artırılması, Rusiya Federasiyası nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.
Sessiya çərçivəsində AŞPA Bürosunun və qurumun Sosial məsələlər, səhiyyə və davamlı inkişaf, Qeyri-diskriminasiya və bərabərlik, Demokratiya və siyasi məsələlər, İnsan hüquqları və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək.
Deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. Səfər zamanı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva, eyni zamanda, AŞPA-nın Partiya Komitələrinin 12-ci iclasında və uşaqlara qarşı cinsi zorakılığın önlənməsi məsələsinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Səfər iyunun 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU