PARLAMENTDƏ MİLLİ MƏTBUAT GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

XƏBƏRLƏR
22 iyul 2015 | 06:07   
Paylaşın:        

İyulun 22-də Milli Məclisdə Azərbaycan mətbuatının 140 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində parlamentdə akkreditə olunmuş bir qrup KİV nümayəndələri ilə görüş keçirildi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov parlament rəhbərliyi adından mətbuat nümayəndələrini bu əlamətdar gün münasibəti ilə təbrik etdi. Komitə sədri iyulun 21-də Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi ilə əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü barədə söhbət açdı. Milli jurnalistikaya dövlət səviyyəsində göstərilən dəstəyi, ölkə başçısının mətbuat işçilərinin əməyinin layiqincə dəyərləndirməsini xüsusi qeyd etdi. Bildirildi ki, ulu öndər Heydər Əliyev mətbuat işçilərinə həmişə qayğı ilə yanaşmış, o bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyəti üçün müvafiq qanunvericilik bazası formalaşıb. Beynəlxalq səviyyədə Azərbaycan jurnalistikası öz layiqli yerini tutur. Ölkəmizdə hər bir sahədə müşahidə olunan tərəqqi, eyni zamanda, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında milli media əməkdaşlarının böyük əməyi vardır. Nizami Cəfərov vurğuladı ki, bugünkü mətbuat ölkəmizdə hüququ dövlətin möhkəmləndirilməsində, iqtisadi və siyasi islahatların həyata keçirilməsində, Azərbaycanın dünya birliyinə inteqrasiya etməsində, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır.
Tədbirdə çıxış edən Milli Məclisin Mətbuat katibi Akif Nəsirov jurnalistləri  təbrik etdi. Parlamentlə Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında olan səmərəli əməkdaşlıq barədə söhbət açdı.
Görüşdə “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, Gün.az saytının müxbiri Kamil Həmzəoğlu, “Xəbərlər-Azərbaycan” agentliyinin əməkdaşı Mürtəza Bunyadlı, “Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoy çıxış edərək parlamentdə jurnalistlər üçün yaradılmış şərait və onların əməyinə verilən yüksək qiymətə görə Milli Məclis rəhbərliyinə təşəkkürlərini ifadə etdilər. Dövlət tərəfindən jurnalistikamızın  stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi qeyd etdilər. 
Tədbirdə çıxış edən mətbuat nümayəndələri parlamentin, onun rəhbərliyinin, deputatların fəaliyyətinin işıqlandırılması zamanı dövlət və milli maraqları daim diqqətdə saxlayaraq, bundan sonra da öz vəzifələrini layiqincə yerinə yetirəcəklərini  söylədilər.
Tədbirin sonunda Milli Məclisdə akkreditə olunmuş bir qrup KİV nümayəndələrinə və  parlamentin Mətbuat xidmətinin əməkdaşlarına mükafatlar təqdim edildi.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU