LYUK SİMPKİNS: “Çox əminəm, noyabrın 1-də müşahidəçilər görəcəklər ki, seçkilər ədalətlidir və alternativ siyasi fikirlərə meydan verilib.”

XƏBƏRLƏR
21 avqust 2015 | 09:08   
Paylaşın:        

Avstraliya parlamentinin üzvü, Avstraliya Liberal Partiyasından deputat, Avstraliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Lyuk Simpkins avqustun 13-də Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasında çıxış edib. Çıxışda deyilir:
Bu yaxınlarda parlamentimiz Avstraliya-Azərbaycan parlament dostluq qrupunu təsis edib və mən çox məmnunam ki, hökumətin partiya fraksiya katibi yeni yaranmış bu dostluq qrupuna rəhbərlik etmək xahişimi təsdiq etdi.
Azərbaycan Respublikası əksər avstraliyalıların tanıdığı ölkə deyil. Bu ölkə Cənubi Qafqazda yerləşir, şimalda Rusiya ilə, qərbdə Gürcüstan, Ermənistan və Türkiyə ilə, cənubda İranla, şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir. Azərbaycan Xəzərdəki böyük neft-qaz ehtiyatlarına görə yüksək iqtisadi artıma nail olubdur. Ölkə iqtisadiyyatı xeyli dərəcədə neft və qaz hasilatından asılı olsa da, neftin aşağı qiymətinin yaratdığı çağırışları nəzərə alaraq Azərbaycan öz iqtisadiyyatını şaxələndirmək yollarını arayır.
Neft ixracına gəlincə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Bakıdan başlayaraq Gürcüstandan keçməklə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına kimi 1770 km uzanır. Ceyhanda neft tankerlərə yüklənir və Avropaya daşınır. Ötən ilin sentyabrında BP Cənub Qaz Dəhlizini tikməyə başlayıb. 2019-cu ilə kimi bu dəhliz Şahdəniz yatağının resurslarını Türkiyə vasitəsilə Avropaya qovuşduracaqdır.
Azərbaycanın paytaxtı çox müasir və inkişaf etmiş Bakı şəhəridir. Ölkə dağlıq ərazidədir, Qafqaz kimi tanınan regionda yerləşir və əhalisi təxminən 9,5 milyon nəfərdir. Azərbaycan yenidən müstəqillik əldə edərək Sovet İttifaqından ayrıldıqdan sonra 26 dekabr 1991-ci ildə Avstraliya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Diplomatik əlaqələrimiz  Ankaradakı səfirlik vasitəsilə həyata keçirilir. Azərbaycan 2013-cü ilin iyununda Avstraliyada səfirlik açmışdır və mən paytaxt Kanberrada fəaliyyət göstərən səfir Rövşən Cəmşidovun və onun işçilərinin səylərini alqışlayıram.
Bu yaxınlarda Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Xanlar Fətiyevin dəvəti ilə Azərbaycana səfər etmək imkanım oldu. Öncə Pert şəhərində Azərbaycanın böyük dostları olan cənab Con Hammond və xanım Aida Rzayevanın səylərini xüsusi qeyd etmək istəyirəm. Avstraliya ilə Azərbaycan arasında münasibətləri inkişaf etdirmək üçün onlar cənab Fətiyevlə birgə xeyli iş görüblər və bu vacib fəaliyyətlərini davam etdirirlər. İndi isə biz həmin münasibətləri siyasi səviyyədə, eləcə də potensial ticari-iqtisadi aspektdən Federal Parlamentdəki həmkarlarımla, xüsusən də sədr müavini deputat Alan Qriffen ilə birgə inkişaf etdirmək niyyətindəyik.
Dediyim kimi, bu yaxınlarda Azərbaycana səfər etmək imkanımız oldu və bu, ən maraqlı səfər idi. Bakı olduqca müasir və xoş təsir bağışlayan şəhərdir. Ölkənin özü aydın şəkildə fəaliyyətdə olan  demokratiyanın çox yaxşı nümunəsidir və orada müxtəlif dinlərə, hətta etnik azlıqlara böyük hörmət vardır. Şübhəsiz, biz ölkənin yerləşdiyi coğrafi məkanı və nəticədə ortaya çıxan çağırışları da nəzərə almalıyıq. Şimalda Rusiya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən narazıdır. Cənubda isə İran şiə islam ölkəsi olsa da, dinə riayət edilməsi istiqamətində çox fərqli fikirlərə malikdir və tez-tez öz fikirlərini bildirir. Qərbdə Ermənistan Rusiyanın yaxın müttəfiqidir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini qanunsuz işğal etmişdir.
Bu, mürəkkəb geosiyasi landşaftdır. Belə şəraitdə azərbaycanlıların işlək demokratiyanı qurduqları yol və Azərbaycanın müxtəlif dini etiqadlara böyük hörmət bəsləyən tolerant ölkə olması əslində regionun digər ölkələrinə nümunə olmalıdır.
Azərbaycan Respublikası şiə islam ölkəsidir. Lakin Qubada yəhudi sinaqoquna baş çəkmək, hər kəsə qorxmadan və təqib olunmadan öz dini etiqadına uyğun ibadət etməyə imkan verən kilsələri və məscidləri görmək maraqlı idi. Orada ikən yəhudilərlə ailə qurmuş bir neçə müsəlmanla görüşdüm. Həmçinin, Ermənistanla davam edən münaqişəyə baxmayaraq, erməni mənşəli insanlarla da (metislərlə)  görüşdüm və gördüm ki, heç bir problem yoxdur.
Bu il Azərbaycan Bakıda birinci Avropa oyunlarına ev sahibliyi etdi, bir neçə il əvvəl isə Avroviziya mahnı müsabiqəsi Bakıda keçirilmişdi. Həmin tədbirlər Azərbaycan Respublikasının təsdiqi idi. Onları reallaşdırmaqla Azərbaycan möhtəşəm bir ölkə olaraq bütün xalq üçün uğurunu nümayiş etdirdi və biz bu məsələləri etiraf etməliyik.
Mən bilirəm ki, BMT Azərbaycan barədə insan haqları məsələsini qaldırmışdır və dostluq qrupunun sədri kimi mən qrupun üzvləri ilə birgə bu məsələləri daha yaxından nəzərdən keçirməyi planlaşdırıram. Azərbaycanın ölkəmizdəki səfiri cənab Cəmşidov və deputat həmkarım Fətiyev  bu məsələlərin araşdırılmasında tam dəstəklərini təklif ediblər.
Həmçinin qeyd edirəm ki, 2015-ci ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcəkdir. Bu zaman Azərbaycan demokratiyasının vəziyyəti qiymətləndirilə bilər. Mən çox əminəm, müşahidəçilər görəcəklər ki, seçkilər ədalətlidir və alternativ siyasi fikirlərə meydan verilib. Məncə, dünya Azərbaycana dair obyektiv olmalıdır. Bəli, ölkəyə tənqidi yanaşın, lakin həm də qəbul etməyə hazır olun ki, öz qonşuları ilə müqayisədə və faktiki olaraq dünyadakı ölkələrin əksəriyyəti ilə müqayisədə Azərbaycan müasir və sabit bir ölkədir. Bu, iqtisadi və siyasi uğurdur. Dini hüquqların və azlıqların hüquqlarının qorunduğu yerdə yaxşı demokratiya olur.
Avstraliya-Azərbaycan Parlament Dostluq Qrupunun sədri kimi ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi və avstraliyalıların Azərbaycan barədə fikirlərinin ədalətli və hər şeydən əvvəl səhih olması istiqamətində borcumu yerinə yetirəcəyəm. Avstraliya və Azərbaycan xalqları naminə qarşılıqlı faydalı münasibətlərin hər zaman təkmilləşdirilməsini səbirsizliklə gözləyirəm.


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU