QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
02 aprel 2012 | 06:04   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Məclisi sədrinin müavini Asəf Hacıyev qurumun Hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasında iştirak etmək üçün aprelin 3-dən 4-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdə olacaq.
Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illiyi ilə əlaqədar Parlament Məclisinin müraciəti dinləniləcək, QDİƏT Parlament Məclisinin reqlament üzrə işçi qrupunun İstanbulda keçirilmiş yığıncağının yekunlarına dair və qurumun cari il üçün tədbirlər planı ilə bağlı məsələlərə baxılacaq.
Sonra Asəf Hacıyev Türkiyənin İzmir şəhərində keçiriləcək Qara Dəniz günləri çərçivəsində “Beynəlxalq Qara Dəniz Kruiz turizmi” mövzusunda konfransa qatılacaq.
İzmir bələdiyyəsi və Qara Dəniz Assosiasiyaları Konfederasiyasının təşkilatçılığı ilə baş tutacaq konfransda QDİƏT üzvü olan dövlətlərin parlament nümayəndələri, müvafiq nazirliklərin rəsmiləri, ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər. Tədbir iştirakçıları turizmin inkişafı ilə bağlı ölkələrində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparacaqlar.
Səfər aprelin 8-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU