SƏRSƏNG SU ANBARININ VƏZİYYƏTİ ARAŞDIRILIR

XƏBƏRLƏR
24 avqust 2015 | 06:08   
Paylaşın:        
Avqustun 24-də Milli Məclisdə AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvləri Sərsəng su anbarının vəziyyətini öyrənmək üçün ölkəmizdə növbəti faktaraşdırıcı səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin nümayəndə heyəti ilə görüşdülər.
Milli Məclisin komitə sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi mövzusu üzrə qurumun məruzəçisi xanım Milica Markoviçin başçılıq etdiyi nümayəndə heyətinin isti yay günlərində Azərbaycana gəlişini yüksək dəyərləndirdi. Sərsəng su anbarının Ermənistanın işğalı altında olması nəticəsində 400 min  soydaşımızın, qaçqın və köçkünün suvarma suyundan məhrum olduğunu, humanitar fəlakət şəraitində yaşadığını bir daha diqqətə çatdırdı. Vəziyyəti yerindəcə görüb dəqiqləşdirmələri üçün faktaraşdırıcı missiyaya hər cür şərait yaratmağa hazır olduğumuzu bildirdi. İşğalçı Ermənistanın qəsdən AŞPA təmsilçilərinə bölgəyə getmək üçün şərait yaratmadığını vurğuladı.
Görüşdə “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsi” mövzusu üzrə AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç yay tətili günlərində onlarla görüşə vaxt ayıran Azərbaycan deputatlarına minnətdarlığını bildirdi. Ölkəmizə ötən ilin dekabrında etdiyi ilk səfərdən sonra Sərsəng ərazisinə baş çəkmək məqsədilə Ermənistana da müraciət etdiyini və indiyədək heç bir cavab ala bilmədiyini dedi. Problemə açıq münasibət bəsləyən Azərbaycan tərəfin mövqeyinə və Sərsənglə bağlı təqdim etdiyi materiallara görə razılığını bildirdi. Problemin həlli istiqamətində nəzərdə tutduğu təklifləri diqqətə çatdırdı.
Görüşdə deputatlar Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva fikirlərini bölüşdülər. XXI əsrdə insanın sudan məhrum edilməsinin əsl işgəncə olduğu vurğulandı. Sərsəng su anbarının ətrafında beynəlxalq müşahidə qrupunun yaradılması barədə Milica Markoviçin irəli sürdüyü təklif dəstəkləndi.
Görüşün yekununda AŞPA məruzəçisi səfər proqramı barədə məlumat verdi, hökumət nümayəndələri ilə görüşlərdən sonra bölgəyə yollanacaqlarını bildirdi. Xanım M.Markoviç qarşıdakı parlament seçkiləri ilə əlaqədar azərbaycanlı həmkarlarına uğurlar dilədi.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU