ABŞ-ın NYU HƏMPŞİR ŞTATININ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
31 avqust 2015 | 02:08   
Paylaşın:        

Avqustun 27-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-ın Nyu Həmpşir ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdü.
Komitə sədri ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açaraq vurğuladı ki, ABŞ Azərbaycanın strateji müttəfiqlərindən biridir. Hər iki tərəf siyasi, iqtisadi, mədəni, ticari əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan Birləşmiş Ştatların ayrı-ayrı ştatları ilə əməkdaşlıq edir, xüsusilə Nyu Həmpşir və Nyu Meksiko ştatları bizimlə daha sıx münasibətlər qurmağa can atırlar. Ölkələrimiz strateji sahələrdə, o cümlədən enerji təminatı və terrorizmlə mübarizə sahələrində yaxından əməkdaşlıq edir.
Görüşdə ABŞ nümayəndə heyətinin üzvləri Süzan Emerson, Romeo Danais, Bekki Fild, Mari Balkom, Barbara Fridman ölkəmizə səfərdən məmnunluqlarını bildirdilər. Xalqımızın qonaqpərvərliyinə, milli mətbəximizə, paytaxtın müasir gözəlliyinə, Azərbaycanda gördükləri quruculuq işlərinə və tərəqqiyə valeh olduqlarını vurğuladılar. Nyu Həmpşir ştatı ilə Azərbaycan arasında daha sıx və daha çoxtərəfli əlaqələrin qurulmasına dair mülahizələrini bildirdilər. 
Görüşdə iştirak edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə və Sahibə Qafarova Cənubi Qafqazda lider ölkə olan Azərbaycanın tarixən Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğundan, əldə etdiyi siyasi-iqtisadi uğurlardan, regionda reallaşdırdığı irimiqyaslı layihələrdən söz açdılar, gender məsələləri,  xalqımızın tolerantlığı, Ermənistanın təcavüzü nəticəsində qarşılaşdığımız problemlər, Xocalı soyqırımı barədə danışdılar.
Nümayəndə heyətinin başçısı, ABŞ-ın Müdafiə və kosmik texnologiyalar üzrə dövlət nümayəndəsi Cek Balkom böyük iqtisadi potensiala malik Azərbaycanla əməkdaşlıq etmək istədikləri sahələri dilə gətirdi.
Söhbətdə beynəlxalq aləmdəki siyasi vəziyyətə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu. Belə görüşlərin ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsinə təkan verəcəyi diqqətə çatdırıldı.

 

Milli Məclisin

Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU