MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
04 sentyabr 2015 | 09:09   
Paylaşın:        

Sentyabrın 3-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın Bakıda keçirilmiş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar qolunun 3-cü iclasının iştirakçıları ilə görüşü oldu.
Vitse-spiker Bahar Muradova qonaqları Milli Məclis rəhbərliyi adından salamladı. Azərbaycanın ev sahibliyi ilə keçirilən toplantının əhəmiyyətini, müzakirəyə çıxarılan məsələlərin vacibliyini qeyd etdi. İCAPP-ın Qadınlar qolunun yaradılmasının önəmli olduğunu bildirdi. Asiya ölkələrinin qadın siyasətçilərinin iştirakı ilə keçirilən iclasın nəticələrini müsbət dəyərləndirdi. Bildirildi ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası təşkilatda öz layiqli yerini tutur və qarşıya qoyulan hədəfləri dəstəkləyir.
Bahar Muradova çıxışında ölkəmizin müstəqillik illərində dinamik inkişafı, dünya dövlətləri ilə əlaqələrin genişləndirilməsi barədə danışdı,   qadın problemlərinin həlli istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini söylədi. Qeyd edildi ki, parlament diplomatiyası və parlament ənənələrinin formalaşması baxımından əhəmiyyətli işlər görülür. Azərbaycanda hələ ötən əsrin əvvəllərində qadınlara seçmək və seçilmək hüququ verilib. Bu gün parlamentdə qadın millət vəkilləri səmərəli fəaliyyət göstərir.
Parlament Sədrinin müavini İCAPP Qadınlar qolunun toplantısında qadınlar arasında yoxsulluğun aradan qaldırılması, onların sağlamlığı, təhsili, siyasi iştirakçılığı ilə bağlı mühüm məsələlərin müzakirə edildiyini söylədi və bu məsələlərin həllində qadınların ictimai təmsilçilik hüququnun  tanınmasının əhəmiyyətini vurğuladı. O, təşkilatın Qadınlar qolunun məhz Bakıda təsis edildiyini vurğulayaraq, ölkəmizin qurumun tədbirlərinə ev sahibliyi etməsinə hər zaman hazır olduğunu bildirdi.
Bahar Muradova Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun həmsədrləri YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızının və Koreya Respublikası Sayenuri Partiyası rəhbərinin müavini xanım Park İn-sokun fəaliyyətini təqdir etdi, qurumun yeni seçilmiş həmsədrlərinə uğurlar arzuladı.
Görüşdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun baş katibi Çunq Ei-yonq Azərbaycan dövləti tərəfindən göstərilən diqqətə, dəstəyə görə təşəkkürünü ifadə etdi. İclasda bir çox önəmli məsələlərin müzakirə olunduğunu bildirdi. Bir çox ölkələrdə  gender bərabərliyi baxımından mövcud olan problemlərin aradan qaldırılmasında  qadınların rolundan danışdı. Baş katib tədbirdə qəbul edilən yekun sənədin - “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi”nin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Tədbirdə çıxış edən qurumun yeni seçilmiş həmsədrləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının qadınlar qolunun xarici işlər üzrə sədr müavini Məryam Goka, Nepal Konqresi Partiyası Beynəlxalq şöbəsinin müdiri Sucata Koirala, habelə keçmiş həmsədrlər Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı və Koreya Sayenuri Partiyası rəhbərinin müavini Park İn-sok qadınların ictimai-siyasi həyatda rolunun artmasından danışdılar.   Qurumun Bakıda keçirilən toplantısının qadınların ictimai həyatda iştirakçılığının genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladılar. Bildirildi ki, Azərbaycan İCAPP-ın fəaliyyətinə ən böyük dəstək göstərən ölkələrdən biridir. Bakıda keçirilən tədbirdə Məlahət İbrahimqızı təşkilatın sədr müavini seçilmişdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU