İtaliya Parlamentinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirdi

XƏBƏRLƏR
09 sentyabr 2015 | 03:09   
Paylaşın:        
Sentyabrın 9-da ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri, senator Sergio Divinanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdü. 
Komitənin sədri Səməd Seyidov ölkələrimzin yüksək səviyyədə olan əlaqələrindən, beynəlxalq qurumlardakı faydalı əməkdaşlıqdan, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən geniş söz açdı. Bildirdi ki, Azərbaycanda tolerantlıq və dini dözümlülük yüksək səviyyədədir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri bərabərhüquqlu vətəndaş kimi yaşayır və fəaliyyət göstərirlər. Qeyd olundu ki, iki ölkə arasında ticarət dövriyyəsi də yüksəkdir və bizim münasibətlərimiz digər Avropa ölkələrinə nümunə ola bilər. Bildirildi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün İtaliya ən yaxşı tərəfdaş kimi dəyərləndirilir.
 İtaliya parlamentinin senatoru Sergio Divina da ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq Azərbaycanda gedən inkişafdan, əldə olunan uğurlardan geniş bəhs etdi. Azərbaycanın Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib reallaşdırdığını xüsusi vurğuladı. Digər senatorlar da ölkəmizdəki tolerantlığın bütün dünyaya gözəl bir nümunə olmasından geniş söz açdılar. 

*       *       *

Sonra senatorlar Milli Məclisdəki Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər. Qrupun rəhbəri Azər Kərimli bildirdi ki, iki ölkə arasında bir sıra beynəlxalq sənədlər ratifikasiya olunmuş və Azərbaycan İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verir. Söhbət zamanı qonaqlara ölkəmizin müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər barədə məlumat verildi. Hər iki ölkənin investisiya imkanlarının qiymətləndirilməsinin vacibliyi vurğulandı.
Əməkdaşlığın müxtəlif istiqamətlərindən danışan Sergio Divina Azərbaycan həqiqətlərinin, milli mənəvi dəyərlərinin, musiqisinin İtaliyada daha geniş tanınması istiqamətində Heydər Əliyev Fondunun gördüyü misilsiz işləri yüksək qiymətləndirdi. Qonaq İtaliyada tarixi abidələrin bərpasında göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna, fondun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU