MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
15 sentyabr 2015 | 05:09   
Paylaşın:        
Sentyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Braziliya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Katibliyinin sədri Atila Lins ilə görüşdü.
Qonaqları salamlayan komitə sədri bildirdi ki, Braziliya dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan Latın Amerikası dövlətləri, xüsusilə Braziliya ilə əlaqələrin yaxınlaşmasına böyük önəm verir. Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu nəzərə çatdıran Səməd Seyidov qeyd etdi ki, Azərbaycan üçün Braziliya xüsusi əhəmiyyət kəsb edən ölkədir. 
Səmimi fikirlərə görə təşəkkürünü bildirən Atila Lins Azərbaycanın dünyada nüfuzunun artdığını diqqətə çatdırdı. Braziliya parlamentinin strukturu və fəaliyyəti barədə danışan qonaq iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin vacibliyini və qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini qeyd etdi. Bildirdi ki, bu işdə əsas vəzifə parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının üzərinə düşür. 
Söhbət zamanı iki ölkə arasında turizm və iqtisadi əlaqələrin inkişafı üçün münbit şəraitin mövcud olduğu xüsusi vurğulandı.
 Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatı Asim Mollazadə, Braziliyanın ölkəmizdəki səfirliyinin əməkdaşı Markus Andre Rouanet Machado de Mello və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU