AŞPA KOMİTƏSİNİN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ MƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
15 sentyabr 2015 | 05:09   
Paylaşın:        

Sentyabrın 15-də Milli Məclisin Avropa Şurası Parlament  Assambleyasındakı  daimi  nümayəndə  heyəti  üzvlərinin  ölkəmizdə  səfərdə  olan qurumun Siyasi  işlər  və demokratiya  komitəsinin  “Azərbaycanın Dağlıq Qarabağ və  digər  işğal  edilmiş  ərazilərində  gərginliyin  artması”  üzrə məruzəçisi  Robert  Uolterlə görüşü oldu.
Qonağı salamlayan Beynəlxalq  münasibətlər  və parlamentlərarası əlaqələr  komitəsinin sədri,  nümayəndə  heyətinin rəhbəri Səməd  Seyidov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə  yetirməsindən,  qurumla uğurlu əməkdaşlıqdan söz açdı. Vurğulandı ki, 20 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır. Son vaxtlar  Ermənistan  silahlı  qüvvələri  tərəfindən təmas  xəttində atəşkəs gün ərzində mütəmadi olaraq pozulur. ATƏT-in Minsk  qrupunun  münaqişə ilə bağlı  göstərdiyi  səylər  heç bir nəticə vermir.  Səməd  Seyidov Ermənistan  nümayəndə  heyətinin  Avropa  Şurasında  münaqişə ilə əlaqədar  məsələlərin gündəlikdən çıxarılması  üçün  ardıcıl  iş apardıqlarını  təəssüf  hissi ilə qeyd  etdi. O, xüsusilə  diqqətə  çatdırdı ki, Azərbaycan  münaqişənin  həllində ədalət və humanizm prinsiplərinə, beynəlxalq  hüquq normalarına istinad  olunmasına tərəfdardır. 
Robert Uolter səmimi görüşə görə minnətdarlığını bildirdi, hal-hazırda Ermənistan tərəfindən Azərbaycanın  sərhəd  bölgələrində  hərbi  təcavüzün intensivləşdiyindən xəbərdar olduğunu  dedi. Dağlıq  Qarabağ  münaqişəsi üzrə  məruzənin  hazırlanmasına məsul  olduğunu  qeyd  edən qonaq bunun üçün  hər iki  tərəflə sıx  əməkdaşlığın qurulmasının  vacibliyini  diqqətə  çatdırdı. Təəssüf  hissi ilə bildirdi ki,  hesabatın  hazırlanmasına kömək  məqsədi ilə Ermənistan  tərəfinə ünvanlandığı  məktub  hələ də cavabsız  qalır, məruzə ilə bağlı Yerevana  və Dağlıq Qarabağa  səfərləri  baş  tutmayıb. Robert  Uolter Ermənistanın qurumdakı  nümayəndə  heyətinə bu məsələ ilə bağlı etirazını  bildirdiyini  də  vurğuladı.  O, ən  qısa  zamanda  məruzəsini  yekunlaşdırmaq  məcburiyyətində  olduğunu bildirdi, problemin tezliklə həll ediləcəyinə  ümidvar  olduğunu  bəyan  etdi.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU