AZƏRBAYCAN-ALMANİYA MÜNASİBƏTLƏRİ TARİXİ KÖKLƏRƏ MALİKDİR

XƏBƏRLƏR
16 sentyabr 2015 | 05:09   
Paylaşın:        
Sentyabrın 16-da Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Manfred Zöllmerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonağı Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən deputat Rövşən Rzayev diqqətə çatdırdı ki, Azərbaycan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan-Almaniya münasibətləri tarixi köklərə malikdir. Həmin köklərə bağlanaraq daha da irəliyə getmək üçün birlikdə intensiv işləmək lazımdır.   
Qanaqlara məlumat verildi ki, Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkəmizin  20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunmuşdur ki, bu da regionun həm iqtisadi, həm də demokratik cəhətdən inkişafına mane olur. Rövşən Rzayev 2009-cu ildə Bundestaqın bu münaqişə barədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qərarının ölkəmizdə yüksək dəyərləndirildiyini diqqətə çatdırdı.
 Səmimi fikirlər üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının deputatı Manfred Zöllmer Azərbaycanla Almaniyanın oxşar cəhətlərinin çox olduğunu və eyni iqtisadi maraqları bölüşdüklərini qeyd etdi. Bildirdi ki, Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və hər bir münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. 
Qonaq diqqətə çatdırdı ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni əsirgəməyəcəkdir. 
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri Əhməd Vəliyev, Çingiz Əsədullayev, Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin 
Mətbuat xidməti




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU