AŞPA-nın SEÇKİ MÜŞAHİDƏ MİSSİYASI ÜZRƏ KOMİTƏSİNİN ÖN HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLDU

XƏBƏRLƏR
21 sentyabr 2015 | 05:09   
Paylaşın:        
Sentyabrın 21-də Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyəti Milli Məclisdə oldu. 
Milli Məclisin inzibati binası ilə tanışlıqdan sonra qonaqlar Milli Məclis Sədrinin müavini, parlamentdə təmsil olunan bitərəflər qrupunun nümayəndəsi Valeh Ələsgərovla görüşdülər.
Qonaqları salamlayan Milli Məclis Sədrinin müavini Azərbaycanda seçki qanunvericiliyi, parlament seçkiləri öncəsi vəziyyət, seçki komissiyalarının tərkibi, bitərəflərin seçki komissiyalarında təmsilçiliyi və digər məsələlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmizin mövcud qanunvericiliyi qarşıya çıxan bütün problemləri balanslaşdırılmış şəkildə həll etməyə imkan verir. 
Avropa Parlamentinin Azərbaycanla bağlı sonuncu qətnaməsi barədə danışan Avropa İttifaqı-Azərbaycan Parlament  əməkdaşlıq komitəsinin həmsədri Valeh Ələsgərov qarşılıqlı münasibətlərdə bərabərhüquqlu əməkdaşlığın  vacib olduğunu diqqətə çatdırdı. 
Söhbət zamanı Avropada miqrantlar problemi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularda da fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycanda seçki prosesi barədə qonaqları maraqlandıran suallara aydınlıq gətirildi.

*       *      *

Sonra Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyəti Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüşdülər.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirdi ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün öz namizədlərini elan edib. Partiyanın irəli sürdüyü 117 namizəd hazırda qanunvericiliyə uyğun olaraq müvafiq prosedurları həyata keçirirlər. Siyavuş Novruzov təbliğat üçün namizədlərə ayrılan vaxt, maliyyə vəsaiti, ölkəmizin seçki qanunvericiliyi barədə ətraflı məlumat verdi.
Avropa Parlamentinin Azərbaycanla bağlı sonuncu qətnaməsi barədə danışan Siyavuş Novruzov bildirdi ki, həmin qətnamənin ölkəmizdə keçiriləcək seçkilər ərəfəsində qəbul olunması təsadüfi deyildi. Belə ki, son il yarımda Avropa Parlamenti Azərbaycanla bağlı 3 belə qətnamə qəbul edib. Onların hər birinin Azərbaycandakı mühüm hadisələr ərəfəsində qəbul edilməsi onu deməyə əsas verir ki, bu qətnamələrin arxasında ancaq siyasi maraqlar dayanır. Oradakı müddəaların heç bir hüquqi əsası yoxdur.
Söhbət zamanı seçkiqabağı vəziyyət, qarşılıqlı əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. 
Sonra qonaqları maraqlandıran suallara cavab verildi, seçkiqabağı monitorinqin ədalətli olacağına inam ifadə olundu.      

*       *      *

AŞPA-nın seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyətinin Azərbaycan parlamentindəki növbəti görüşü  Milli Məclisin həmin qurumdakı nümayəndə heyətinin  üzvləri ilə oldu.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının rəyinə önəm verdiyimizi qonaqların nəzərinə çatdırdı. Qeyd etdi ki, Azərbaycan bu quruma üzv olduğu müddətdə bir çox ölkələrdə seçkilərin gedişini izləyib, mövcud  problemləri görüb, kifayət qədər təcrübə toplayıb və müqayisə imkanları genişdir. Noyabrın 1-də parlament seçkilərinin demokratik şəkildə, şəffaf keçirilməsi üçün ölkəmizdə ciddi hazırlıq işləri görülür. Bu prosesdə Azərbaycan beynəlxalq təşkilatlarla kooperasiyaya və əməkdaşlığa tam hazırdır.
Söhbət zamanı bəzi qurumların ölkəmizə qarşı qərəzli mövqeyinə, beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı vacibliyinə də toxunuldu. Bildirildi ki, məqsədimiz Avropadan və dünya ölkələrindən gələnlərin seçki prosesində Azərbaycandakı reallığı görməsidir.
Nümayəndə heyətinin rəhbəri Xordi Şukla, Azərbaycan üzrə həmməruzəçi Aqustin Konde, nümayəndə heyətinin üzvü Egemen Bağış  seçkiqabağı dövrdə əməkdaşlığın vacibliyini təsdiqlədilər.
Görüşdə qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirildi,  qaçqın və məcburi köçkünlərin səsvermə hüquqlarının lazımi səviyyədə təmin olunduğu bildirildi.

*       *      *

Elə bu gün Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyəti ilə Milli Məclisdə təmsil olunan on siyasi partiyanın təmsilçiləri də  görüşdülər.
Öncə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə partiya rəhbərlərini qonaqlara təqdim etdi.
Sonra Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış edərək  noyabrın 1-də keçiriləcək seçkilərə dair partiyasının mövqeyini açıqladı. Bildirdi ki, bəzi məsələlərdə iqtidarla fikir ayrılıqları olsa da, qarşıdakı seçkilərlə əlaqədar Azərbaycana göstərilən təzyiqlər və haqsız qərarlarla razı deyildirlər. Bu ölkədə demokratiyanın inkişafını istəyən qurumlar köməklik göstərməlidirlər. Azərbaycanı təcrid etməklə, sanksiyalarla hədələməklə demokratiyanı sürətləndirmək olmaz. İqbal Ağazadə Avropa qurumlarını ölkəmizə qarşı tutduqları indiki mövqelərindən çəkinməyə çağırdı.
Görüşdə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev parlament seçkilərinə qoşulduqları  barədə məlumat verdilər, beynəlxalq təşkilatların bu seçkilərdə iştirakını zəruri saydıqlarını bildirdilər, qonaqları maraqlandıran suallara cavab verdilər. Həm iqtidarı, həm də müxalifəti təmsil edən siyasi partiya rəhbərlərinin yekdil inamı bu oldu ki, AŞPA-nın seçkiqabağı monitorinqi ədalətli aparılacaq.     
Görüşdə seçkiqabağı vəziyyət, qarşılıqlı əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU