AZƏRBAYCANLA ALMANİYA ARASINDA ƏLAQƏLƏR İNKİŞAF EDİR

XƏBƏRLƏR
01 oktyabr 2015 | 04:10   
Paylaşın:        

Oktyabrın 1-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin Almaniya nümayəndə heyəti ilə görüşü oldu.
Deputat, işçi qrupunun üzvü Çingiz Əsədullayev qonaqları Milli Məclisdə salamlayaraq bildirdi ki, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlər mühüm rol oynayır. O, Azərbaycanın Almaniya ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini söylədi. Azərbaycanın müstəqillik illərində müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Avropaya inteqrasiya  istiqamətində görülən işlər, habelə bu proseslərə mane olan məsələlər barədə fikirlərini açıqladı. Qeyd edildi ki, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli münasibətləri əhəmiyyətli hesab edir və Almaniya ilə də belə əlaqələrin dərinləşməsində maraqlıdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, yeni texnologiyaların tətbiqi sahəsində Almaniyanın dəstəyi təqdirəlayiqdir. Təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində Almaniya ilə təcrübə mübadiləsinin aparılması da əhəmiyyətli məsələlərdəndir.
Görüşdə çıxış edən millət vəkili Fəttah Heydərov bildirdi ki, iki ölkə   arasında əlaqələr dərin tarixi köklərə malikdir. O, Almaniyaya etdiyi səfərlər, orada azərbaycanlılara olan münasibət barədə xoş təəssüratlarını bölüşdü. Müasir dünyada gedən siyasi proseslər, o cümlədən qaçqınlar probleminin kəskinləşməsi, beynəlxalq səviyyədə müxtəlif ölkələrə qarşı ikili standartların tətbiqi məsələlərinə toxundu.
Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Sənətkarlar palatasının keçmiş prezidenti, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer səmimi görüşə görə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda öz geosiyasi mövqeyinə görə  strateji əhəmiyyət kəsb edir. Ölkədə iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunur. Qonaq  siyasi sahədə, habelə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışdı.
Almaniya nümayəndə heyətinin digər üzvü, Alman-Azərbaycan Forumunun Qəyyumlar Şurasının sədri, publisist Rixard Kisler öz çıxışında   Azərbaycanda keçirdikləri görüşlər barədə söhbət açdı. O, qeyd etdi ki, Azərbaycanda dini tolerantlıq mühüm rol oynayır. Ölkəmizin regionlarına səfər etdiyini bildirən qonaq, bütün sahələrdə şahidi olduğu inkişafdan məmnunluğunu ifadə etdi. O, həmçinin, iki il öncə Dağlıq Qarabağ bölgəsində  olduğunu və burada qarşılaşdığı acınacaqlı durum, ümumiyyətlə, dondurulmuş münaqişələrin yaratdığı  təhlükələr barədə  məqalə yazdığını söylədi.
Söhbət zamanı Milli Məclisin fəaliyyəti, dostluq qrupları səviyyəsində əlaqələrin qurulması, ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar  çərçivəsində səmərəli əməkdaşlığın genişləndirilməsi, habelə regional münaqişələrin həlli, o cümlədən Dağlıq Qarabağ probleminin aradan qaldırılması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıldı.
Görüşdə deputatlar Xanlar Fətiyev, Şəmsəddin Hacıyev, Asim Mollazadə, Fuad Muradov iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU