YAPONİYA NÜMAYƏNDƏ HEYƏTİ PARLAMENTDƏ

XƏBƏRLƏR
28 oktyabr 2015 | 06:10   
Paylaşın:        

Oktyabrın 27-də  Milli Məclisin Yaponiya  ilə parlamentlərarası əlaqələr  üzrə  işçi  qrupunun  üzvləri  ölkəmizdə  səfərdə  olan Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri  ilə  görüşdülər.
 Qonaqları  salamlayan  Milli Məclisin deputatı, dostluq  qrupunun  rəhbəri Abel Məhərrəmov Azərbaycan-Yaponiya əlaqələrinin qədim tarixə malik olduğunu qeyd etdi. Bildirildi  ki, Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Ölkələrimiz arasında uğurlu diplomatik əlaqələr mövcuddur. Abel Məhərrəmov onu da vurğuladı  ki, 2000-ci ildən etibarən, Bakı Dövlət Universitetində yapon dili üzrə mütəxəssis hazırlığına başlanılıb.  İndiyə  qədər iki ölkə arasında körpü  rolunu oynayan 112  mütəxəssis  fəaliyyətə başlayıb.
İşçi  qrupun  digər üzvləri, millət  vəkilləri  Hadi Rəcəbli və Eldar Quliyev  Azərbaycanda həyata keçirilən böyük layihələrdə Yaponiya şirkətlərinin yaxından iştirakından söz  açdılar. Bildirildi ki, TAP və TANAP kimi iri enerji layihələrində də yapon şirkətləri fəal iştirak edirlər. Hümanitar sahədə əlaqələrimiz yüksək səviyyədədir. Qeyd  olundu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar minalardan təmizlənmə üzrə yapon şirkətləri  tərəfindən 4 dəyərli layihə təqdim olunub ki, bunlar  da  mütəxəssislər  tərəfindən yüksək  qiymətləndirilir. 
Səmimi  görüş  üçün  təşəkkürünü  bildirən  Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının rəhbəri, bu ölkənin  İqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi  və maliyyə  siyasəti üzrə  dövlət naziri Akira Amari Milli Məclisin müasir inzibati binası barədə fikirlərini bölüşdü, plenar iclas zalına heyranlığını ifadə etdi. O, Azərbaycan  parlamentində  deputatların  işləməsi  üçün  yaradılan şəraiti  yüksək  dəyərləndirdi və qeyd  etdi ki,  Yaponiya parlamentində  millət  vəkilləri  üçün bu qədər rahatlıq təmin olunmayıb. Qonaq  ölkəmizdə yapon iş adamlarına  yaradılan şəraitdən də razılıq etdi, burada Yaponiya şirkətlərinə böyük rəğbətin çox  sevindirici olduğunu vurğuladı.
Görüşdə  parlamentlərarası əlaqələrin inkişaf  perspektivləri,  kiçik sahibkarlıq təsərrüfatlarının inkişaf etdirilməsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi istiqamətində ətraflı fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU