AVSTRALİYA İLƏ AZƏRBAYCAN ARASINDA MÜNASİBƏTLƏR İNKİŞAF EDİR

XƏBƏRLƏR
29 oktyabr 2015 | 03:10   
Paylaşın:        

Oktyabrın 28-də Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyası  nümayəndələrinin   Avstraliya  İttifaqı  Parlamentinin  nümayəndələri ilə  görüşü oldu.
Qonaqları salamlayan deputat, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirdi ki, Milli Məclisin  tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir. Parlamentdə 11  siyasi partiya təmsil olunur.  Parlamentdə  təmsil olunan 125  deputatın 71-i hakim Yeni Azərbaycan  partiyasının üzvüdür.  1992-ci ildə  yaranan partiya Azərbaycan  xalqının ümummilli lideri  Heydər  Əliyevin  adı ilə bağlıdır. Sonra  Siyavuş Novruzov qonaqlara  parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığı barədə məlumat verdi. 
Görüşdə iştirak  edən  partiya  təmsilçiləri  Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Xanlar Fətiyev, Sevinc Fətəliyeva, Rauf Əliyev qonaqların ölkəmizə  səfərinin olduqca əlamətdar bir  dövrə  təsadüf  etdiyini – bir  neçə gündən  sonra ölkəmizdə V  çağırış müstəqil Azərbaycan parlamentinə  seçkilərin  keçiriləciyini bildirdilər. Qeyd  olundu ki, bu  dəfəki  seçkilərə  də YAP böyük bir  heyətlə  qatılır.  İnanırıq ki,  hakim partiya  bu seçkilərdə  də böyük uğur  qazanacaq.  Qeyd  olundu ki, xarici  dövlət  və  təşkilatlardan 500-ə yaxın müşahidəçi seçkiləri  izləmək  üçün ölkəmizə  gələcək. Millət  vəkilləri ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəkildə   keçirilməsi  üçün yetərincə  zəmin olduğunu  qeyd  etdilər.
Sonra deputatlar Avstraliyalı həmkarlarına  Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemindən  söhbət  açdılar. Qeyd  olundu ki, 20 ildən artıqdır ki, davam edən münaqişə bütün regionun təhlükəsizliyini ciddi  təhdid altında saxlayır.
Avstraliya  İffifaqı  Parlamenti Nümayəndələr  Palatasının üzvləri Luke Simpkins, Şarman Nansy Stoun,  Alan Qriffin səmimi görüşə görə  minnətdarlıqlarını ifadə etdilər. Ölkəmizə  noyabrın 1-də keçəriləcək seçkiləri müşahidə etmək məqsədi ilə gəldiklərini deyən qonaqlar Azərbaycanda müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirdilər. Onlar ölkəmizdə çoxlu görüşlər  keçirdiklərini, son dövrdəki siyasi-iqtisadi vəziyyətə dair səmərəli fikir mübadiləsi apardıqlarını qeyd etdilər.
Söhbətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Qonaqları  maraqlandıran  suallara  cavab verildi.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU