AŞ PA-nın İCLASLARINDA

XƏBƏRLƏR
24 noyabr 2015 | 03:11   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova qurumun iclaslarında iştirak etmək üçün noyabrın 25-də Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfərə yola düşəcəklər. Noyabrın 26-da deputat Elxan Süleymanov da nümayəndə heyətinə qoşulacaq.
Səməd Seyidov öncə Avropa Mühafizəkarları Siyasi Qrupunun prezidenti qismində AŞPA-nın Prezidentlər komitəsinin iclasında iştirak edəcək, sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qurumun Büro iclasına qatılacaq.
Həm Büro, həm də Daimi komitənin iclasını AŞ PA-nın sədri Ann Brassör açacaq. İclaslarda cari məsələlər müzakirə olunacaq, qurumun 2016-cı il yanvar sessiyasının gündəliyinə baxılacaq. Bu payız Qırğızıstan, Azərbaycan və Türkiyədə keçirilmiş parlament, Belarusda prezident, Ukraynada yerli seçkilərə dair AŞPA-nın seçki missiyalarının rəyləri dinləniləcək.
Büroda həmçinin konstitusiya islahatları ilə əlaqədar dekabrın 6-da Ermənistanda keçiriləcək referendumla bağlı müzakirə aparılacaq.
Daimi komitədə isə Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin məruzəçisi Sahibə Qafarovanın “Qadınlara qarşı zorakılıqla mübarizədə ən uğurlu təcrübələrin təşviqi” mövzusunda məruzəsi müzakirə olunacaq. Qeyri-insani rəftar və işgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Mikola Qnatovski ilə fikir mübadiləsi aparılacaq.
Deputatlarımız bütün müzakirələrdə yaxından iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər noyabrın 28-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU