MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
02 dekabr 2015 | 05:12   
Paylaşın:        

Dekabrın 2-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Administrasiyasının başçısı Boris Lojkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov qonaqları salamlayaraq bildirildi ki, ölkələrimiz arasındakı dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Münasibətlərimizin dərinləşməsi ümumi məqsədlərə xidmət edir.
Söhbətdə vitse-spiker vurğuladı ki, hər iki ölkənin parlamentləri  dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır.  Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər.  Parlament Sədrinin birinci müavini Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Ukraynanın göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.
Dağlıq Qarabağ münaqişəsindən söz açan Ziyafət Əsgərov Azərbaycanın problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışdığını vurğuladı. O, bu məsələdə Ukraynanın ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirdi.  
Ukrayna Prezidenti Administrasiyasının başçısı Boris Lojkin səmimi qəbul üçün minnətdarlığını ifadə etdi. Səfər çərçivəsində keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söylədi. Qonaq bildirdi ki, qarşılıqlı səfərlər münasibətlərimizin hərtərəfli inkişafında mühüm rol oynayır. Biz Azərbaycanla əlaqələrimizin genişlənməsinə böyük önəm veririk. O, Hökumətlərarası Komissiyasının fəaliyyətinin gücləndirilməsinin əməkdaşlığımızın dərinləşməsində mühüm rol oynayacağına inamını söylədi.
Qonaq bu yaxınlarda ölkəsinin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məsələsində Azərbaycanın göstərdiyi dəstəyi yüksək dəyərləndirdi. O, Dağlıq Qarabağ probleminin həllində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini xüsusi vurğuladı.
Qəbulda parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf  perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, iqtisadi, ticarət, kənd təsərrüfatı, enerji, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunuldu.
Görüşdə Ukraynanın ölkəmizdəki səfiri  Aleksandr Mişenko və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU