AŞPA-NIN BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
04 dekabr 2015 | 10:12   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Brüsseldə səfərdə olacaqlar. 
  İclasda  Suriyada xarici döyüşçülər, Kosovada vəziyyət və bu məsələdə Avropa Şurasının rolu, Ukrayna böhranının siyasi nəticələri barədə məruzələr dinləniləcək, beynəlxalq arenada mövcud vəziyyətlə bağlı açıq müzakirələr  aparılacaqdır.
Bundan sonra deputat Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün Parisdə, daha sonra isə AŞPA-nın Bürosunun və Prezidentlər Komitəsinin iclaslarında iştirak etmək üçün Londonda səfərdə olacaqdır.
Monitorinq Komitəsində Azərbaycan, Albaniya və Ermənistanla  bağlı yeni məruzəçilərin təyin edilməsi, Azərbaycanda cari il noyabrın 1-də keçirilmiş parlament seçkiləri, 6 dekabr 2015-ci ildə Ermənistanda keçiriləcək Konstitusiya referendumuna dair fikir mübadiləsi aparılacaq, Gürcüstana fakt-araşdırıcı missiyanın səfərinin yekunları və Moldovada cari siyasi vəziyyət nəzərdən keçiriləcəkdir.
AŞPA Bürosunun və Prezidentlər Komitəsinin iclaslarında isə  2016-cı ildə nəzərdə tutulan seçki missiyalarının siyahısı dəqiqləşdiriləcək, 2016-cı ildə keçirilməsi nəzərdə tutulan Parlament sədrlərinin Avropa Konfransı, həmçinin AŞPA-nın Avropa Parlamenti və Avropa İttifaqının digər qurumları ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparılacaqdır.
Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
 
Milli Məclisin
Mətbuat xidməti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU