DEPUTATLARIMIZ AZƏRBAYCANLI GƏNCLƏRİN BEYNƏLXALQ FORUMUNDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
05 aprel 2012 | 04:04   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Fuad Muradov və Ceyhun Osmanlı aprelin 5-dən 8-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdə olacaqlar.
Millət vəkilləri burada keçiriləcək xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin Beynəlxalq Forumunda (ASAİF) iştirak edəcəklər. “Mən gənc səfirəm” adı altında təşkil olunmuş tədbirə Azərbaycanın və Macarıstanın dövlət, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılacaqlar.
Forumda “Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər”, “Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin  rolu”, “Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları”, “Sosial şəbəkələr və KİV-in gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasındakı rolu” mövzularında müzakirələr aparılacaq.
Deputatlarımız müzakirəyə çıxarılan məsələlərlə bağlı öz fikirlərini bölüşəcək, ölkəmizdə gənclər təşkilatlarının fəaliyyəti barədə məlumat verəcəklər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU