MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
05 aprel 2012 | 06:04   
Paylaşın:        

Aprelin 5-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin nümayəndə heyəti ilə görüşdü.
Görüşdə Ziyafət Əsgərov dedi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yerli demokratiyanın inkişafına xüsusi önəm vermişdir. Bu məsələ 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasında da xüsusi bölmə kimi təsbit olunmuşdur. İki il əvvəl referendumla Konstitusiyaya edilmiş əlavələr və dəyişikliklərlə bələdiyyələrin səlahiyyətləri artırılmışdır. Parlamentdə Konstitusiyanın tələblərinə uyğun olaraq yerli özünü idarəetmə orqanlarının fəaliyyətini tənzimləyən müxtəlif qanunlar qəbul olunmuşdur. Bu sahədə Avropa Xartiyasının tələblərinin yerinə yetirilməsi istiqamətində də müvafiq addımlar atılır. Bələdiyyələrin müstəqilliyinin təmin olunması ilə yanaşı onların dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin genişləndirilməsinə imkanlar yaradılmışdır.
Nümayəndə heyətinin rəhbəri xanım Qudrun Mosle-Mörnström demişdir ki, qurumun monitorinq qrupunun üzvləri sonuncu dəfə Azərbaycanda 2003-cü ildə olmuş və monitorinq aparmışlar. Ötən müddət ərzində ölkə xeyli dəyişmişdir. Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin nümayəndələrinin bu dəfəki səfərinin məqsədi Azərbaycanda yerli demokratiyanın, bələdiyyələrin inkişafı ilə maraqlanmaq, Konqresin monitorinq qrupunun verdiyi tövsiyələrin necə yerinə yetirilməsi ilə tanış olmaqdır. Bununla əlaqədar bir sıra hökumət və qeyri-hökumət təşkilatlarında görüşlər keçiriləcəkdir. Səfərin sonunda hesabat hazırlanacaq və monitorinq komitəsində müzakirəyə çıxarılacaqdır. Hesabat qurumun oktyabrda keçiriləcək sessiyasında qəbul olunacaqdır.
Sonra görüşdə Azərbaycanda, regionda və dünyada yerli özünüidarəetmə sahəsində hüquqi baza, mövcud problemlər və onların həlli yolları, bu sahədə əməkdaşlıq, təcrübə mübadiləsi və s məsələlər ətrafında fikir mübadiləsi aparıldı, qonaqları maraqlandıran suallara aydınlıq gətirildi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU