MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

XƏBƏRLƏR
05 aprel 2012 | 05:04   
Paylaşın:        

Aprelin 4-də Milli Məclisdə Avronest Parlament Assambleyasının həmsədrləri  Kristian Vigenin və Boris Tarasyukun iştirakı ilə qurumun ikinci  sessiyasının  yekunlarına  həsr olunmuş mətbuat konfransı keçirildi.
 Konfransı təşkilatın mətbuat katibi Aqnesi Krivad açdı. Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigenin sessiyanın  keçirilməsinə verilən siyasi və texniki dəstəyə görə  Azərbaycan  tərəfinə  təşəkkürünü  bildirdi. O, ölkə Prezidenti İlham Əliyevə  sessiyanın işinə qatılaraq tədbiri şərəfləndirdiyinə görə  xüsusi minnətdarlığını ifadə etdi. 
Konfransda qeyd  olundu ki,  təşkilata  üzv olan  bütün nümayəndə  heyətlərinin Bakıya  gəlməsinə  və Assambleyanın  sessiyasında  iştirak  etməsinə  yüksək  səviyyədə  şərait  yaradılmışdı.  Həmsədr bildirdi ki, bu, Assambleyanın ilk yığıncağı idi ki, Avropanın  hüdudlarından kənarda təşkil olunmuşdu və bu qədər geniş  tərkibdə Avropa  Parlamentinin üzvləri  belə bir  tədbirdə iştirak  edirdilər.  İclasda  4 hesabat və 1  qətnamə qəbul edildi ki, bu da 11 aydan bəri həyata  keçirilən qarşılıqlı səylərin nəticəsi idi.  Göründüyü kimi, təşkilatın Strasburqda  keçirilən ilk iclasından  fərqli olaraq  Bakıda keçirilən iclas məhsuldar olmuşdur.
Həmsədr bildirdi ki,  Azərbaycan  dinamik inkişaf  edən  və dünyada  rolu  getdikcə  artmaqda olan ölkə kimi  Avropanın daim  diqqət  mərkəzindədir.  Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu ölkənin qəbul etdiyi qərarlar Avropa Parlamentinin maraqlarına tam uyğundur. Avronest PA Şərq Tərəfdaşlığı Proqramının parlament ölçüsü kimi yaradılan bir qurumdur. Sessiyada demokratiya ilə bağlı qəbul edilən hesabatda qeyd olunan məsələlər tək Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələr üçün  deyil, Avropa Birliyi  ölkələri üçün də aktualdır.  Avronest PA-nın  yaradılmasında məqsəd  ondan ibarət  olmuşdur ki, birgə məqsədlər uğrunda  mübarizəmizi daha da gücləndirək.
Mətbuat konfransında həmsədr  Ermənistan  nümayəndə  heyətinin  tam tərkibdə  bu sessiyada iştirak etməsinə və bu məsələyə avropasayağı yanaşmaya  görə Azərbaycan tərəfinə  dərin təşəkkürünü  bildirdi.
Təşkilatın digər həmsədri Boris Tarasyuk da sessiyaya  yüksək səviyyədə  hazırlığa görə  Milli Məclis rəhbərliyinə minnətdarlığını ifadə etdi. Bildirildi ki,  qurumun ilk sessiyası 7 ay əvvəl keçirilsə də,  prosedur qaydalarındakı çatışmazlıqlar üzündən sessiyada heç bir  qərar qəbul olunmamışdı.  Amma  ikinci sessiyada  prosedur qaydalarına edilən düzəlişlərdən sonra sessiya  müvəffəqiyyətlə  başa  çatmışdır. Bakı sessiyasında insan hüquqları, demokratiya, iqtisadi və enerji sahəsində əməkdaşlıq,  sosial həyat və vətəndaş  cəmiyyətinə dair  çox  vacib qərarlar  qəbul edilmişdir. Həmsədr 7 il əvvəl  Azərbaycana  Ukraynanın  xarici işlər  naziri kimi gəldiyini  və ötən  dövrdə  Azərbaycandakı böyük  dəyişikliklərin onda olduqca  yüksək təəssüratlar  oyatdığını diqqətə  çatdırdı.
Jurnalistlərin suallarına cavab verən həmsədrlər bildirdilər ki, Azərbaycan  insan  hüquqları  və media  azadlığı sahəsində vəziyyəti  təkmilləşdirməyə  davam edir, biz  bunu dəstəkləyir  və alqışlayırıq. Qeyd olundu ki,  qurumun  Siyasi məsələlər üzrə komitəsində Dağlıq Qarabağ  münaqişəsi  də nəzərdən  keçiriləcəkdir, lakin məsələnin həlli ilə bağlı  əsas  format ATƏT-in Minsk qrupudur.
Boris Tarasyuk Ukrayna  parlamentinin  nümayəndəsi kimi diqqətə  çatdırdı ki, onun ölkəsi  Dağlıq Qarabağ  münaqişəsində  hər zaman Azərbaycanı dəstəkləyir.  Problem BMT Təhlükəsizlik Şurasının  qətnamələri əsasında,  beynəlxalq  hüququn norma və prinsiplərinə uyğun həll olunmalıdır. Ukrayna  işğal olunmuş Azərbaycan  torpaqlarının geri qaytarılmasının tərəfdarıdır.  Boris Tarasyuk dedi ki, Azərbaycan Ukrayna  üçün dost ölkə  və strateji tərəfdaşdır.
Sonra   konfransda   mətbuat  nümayəndələrini maraqlandıran  digər  suallar cavablandırıldı və məlumat verildi ki, Avronest PA-nın növbəti üçüncü sessiyası 2013-cü ilin mayın  28-29-da Brüsseldə keçiriləcəkdir.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU