ATƏT PA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
25 yanvar 2016 | 05:01   
Paylaşın:        

Yanvarın 25-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri bu təşkilatın ölkəmizdə səfərdə olan nümayəndələri ilə  görüşdülər.
Qonaqları salamlayan Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri  Bahar Muradova ATƏT-Azərbaycan  əməkdaşlığından ətraflı  söhbət  açdı. Qeyd  olundu ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı təşkilatın dəyərlərinin regionda  bərqərar olmasının ən fəal təbliğatçısıdır. O, Azərbaycanda beşinci  çağırış Milli Məclisə  keçirilən seçkilərin  uğurla  başa  çatdığını  bildirdi, nümayəndə heyətinə  yeni  seçilmiş  millət  vəkilləri  ilə qonaqları  tanış etdi. Sonra Bahar Muradova ATƏT-lə münasibətlərin hazırkı  vəziyyətinə toxunaraq  bildirdi ki, AŞPA-da “Azərbaycanın işğal olunmuş ərazilərində  və ətraf  rayonlarda  zorakılıq  hallarının artması” və “Azərbaycan  vətəndaşlarının su  ehtiyatlarından (Sərsəng  su  anbarı)  istifadə  etməsinin məqsədli şəkildə  məhrum  edilməsi” ilə bağlı  iki qətnamənin müzakirəsi  gündəmdədir. Təəssüflər  olsun ki, ATƏT-in Minsk qrupu  bu məsələnin sırf onlara  aid  bir  səlahiyyət  olduğunu  vurğulayır,   digər  nüfuzlu  beynəlxalq  təşkilatlarda  Azərbaycan vətəndaşlarının  düşdüyü  durum, Dağlıq  Qarabağ  münaqişəsinə  dair   vəziyyətlə  bağlı  vacib  sənədlərin qəbuluna  qarşı çıxırlar. Minsk qrupu bu vəziyyətə  dair  müzakirələri normal  qarşılamalıdır. Vitse-spiker münaqişənin mövcud  olduğu illər  ərzində Minsk  qrupunun Dağlıq Qarabağ  probleminin  həlli istiqamətində irəliyə  doğru heç bir  addım atmadığını, əməkdaşlığımızın inkişafı və regionda təhlükəsizliyin təmin olunması üçün təşkilatın səylərini artırmasının  zəruriliyini  diqqətə çatdırdı.
ATƏT  Parlament  Assambleyasının  sədr  müavini Georgi Sereteli səmimi  görüş  və qonaqpərvərlik  üçün minnətdarlığını  bildirdi. Qonaq  gürcü  xalqının nümayəndəsi kimi Bakıda  özünü  öz  evindəki kimi hiss  etdiyini xüsusi fərəh hissi ilə bəyan etdi.  Georgi Sereteli təşkilatın  sədri  İlkka  Kanervanın  salamlarını çatdırdi və səhhətində  yaranan  problemə  görə bu  səfərdə  iştirak  edə bilmədiyini  təəssüf  hissi ilə qeyd  etdi. ATƏT-in  quruma  üzv ölkələrdə  seçkiləri  izləyən  başlıca  təşkilatlardan  olduğunu  deyən qonaq bununla  bağlı  yaşanan  xoşagəlməz  hala – ATƏT-in Azərbaycanda  seçkilərə  müşahidəçilər  göndərməməsi  ilə bağlı vəziyyətə  görə təəssüfləndiyini də vurğuladı. Azərbaycanın ATƏT üçün ən dəyərli  ölkələrdən biri olduğunu deyən qonaq hər  iki tərəfin səyi nəticəsində bu səfərdən sonra münasibətlərimizin daha da  möhkəmlənəcəyinə inamını ifadə etdi.
Görüşdə ATƏT-in Baş  katibi  Roberto Montella bu  vəzifədə ilk  səfərinin məhz ölkəmizə olduğunu və bundan məmnunluq  hissi  duyduğunu bildirdi. Qonaq  ötən ilin noyabrında  Azərbaycan Milli Məclisinə beşinci  çağırış  seçkilərin uğurlu  nəticələrinə görə təbriklərini  bildirdi. O, qurumla  ölkəmiz  arasında  əməkdaşlığın  dərinləşməsi  üçün fəaliyyətində qərəzsizlik, ikili standartlardan kənar mövqe  və ədalət  prinsiplərini rəhbər tutacağını  diqqətə  çatdırdı. 
Görüşdə ATƏT  PA  sədrinin  digər  müavini  Kent  Harstedt, Bolqarıstanın ATƏT  PA-dakı  üzvü  Kristian Vigenin, millət  vəkilləri Azay Quliyev, Kamran Nəbizadə, Tahir  Mirkişili, Ülviyyə Ağayeva, Elşad Həsənov və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.
Söhbətdə   qarşılıqlı  əhəmiyyət  kəsb edən  bir  sıra  məsələlər barəsində  fikir  mübadiləsi  aparıldı, hər iki tərəfi maraqlandıran  suallara  cavab verildi. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU