Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüş keçirildi

XƏBƏRLƏR
02 fevral 2016 | 04:02   
Paylaşın:        
Fevralın 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “İdarəetmədə islahatlar və gənclik” layihəsi çərçivəsində Milli Məclisdə gənclərlə görüş keçirildi.
Tədbiri açan Milli Məclis Sədrinin müavini Bahar Muradova Milli Məclisin Sədri Oqtay Əsədovun adından 2 fevral – Gənclər Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırdı.  Bildirdi ki, Gənclər Günü artıq uzun illərdir ki, ölkəmizdə qeyd edilir. Müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa müddətdə mövcud problemlərin həllində xüsusi rol oynadı. 
Ulu öndərin təşəbbüsü ilə ölkəmizdə 2 fevral – Gənclər Günü elan edildi. Azərbaycanda gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirmək, həyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün qanunvericilik bazası yaradıldı, böyük kapital qoyuluşları həyata keçirildi. Bütün bu tədbirlər gəncliyi qorumaq məqsədi  daşıyırdı.
Bahar Muradova diqqətə çatdırdı ki, bu gün gənclər Azərbaycanın güclü dayaqlarından birinə çevrilmişlər. Ölkəmizdə gənclərin bütün istiqamətlərdə fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. İndi gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerlərini müəyyən etmişlər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verməkdədir. Milli Məclisin hər yeni çağırışında gənc deputatların sayının artması bunu bir  daha sübut edir. 
Bu gün gənclər müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda Azərbaycanı ləyaqətlə təmsil edir, ölkəmizin haqq səsini dünyaya çatdırırlar. Artıq Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrinə nüfuz edəcək gücə çevrilmişdir. YAP Gənclər Birliyi isə bu gücün Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissəsidir.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, layihənin rəhbəri Elman Aslanov, Milli Məclisin deputatları Tahir Mirkişili, Elşən Musayev, Kamran Nəbizadə, Milli Məclis Aparatının əməkdaşı Yunis İsmayılov və YAP Gənclər Təşkilatının üzvləri Azərbaycanda hər il təntənə ilə qeyd olunan Gənclər Gününün ölkə gənclərinə ulu öndər Heydər Əliyevin hədiyyəsi olduğunu diqqətə çatdırdılar. Çıxışlar zamanı ölkəmizdə gənclər siyasəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, gənclərə dövlət dəstəyi və qayğısı, Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlər, bu sahədə həyata keçirilmiş dövlət proqramları barədə geniş fikir mübadiləsi aparıldı.
Görüşə yekun vuran Milli Məclis Sədrinin müavini Bahar Muradova gənclərlə keçirilən belə görüşlərin əhəmiyyətini vurğuladı və bu ənənənin davam etdirilməsinin vacibliyini diqqətə çatdırdı. Milli Məclisin sədr müavini gənclərə gələcək fəaliyyətlərində və ölkəmizin firavanlığı naminə gördükləri işlərdə yeni-yeni uğurlar arzuladı.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU