MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
09 fevral 2016 | 06:02   
Paylaşın:        
Fevralın 9-da Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, GUAM PA-nın sədri Azər Kərimli ölkəmizdə səfərdə olan GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşdü.  
Görüşdə Azərbaycanın 2016-cı ildə GUAM-a sədrlik edəcəyi dövrdə qarşıda dayanan vəzifələr müzakirə olundu. Bildirildi ki, hazırki geosiyasi vəziyyət Azərbaycanın bu qurumdakı rolunu daha da artırmışdır. 2016-cı ildə qurumda əsas diqqət iqtisadi layihələrə veriləcək, investisiya, ticarət, turizm, nəqliyyat və tranzit potensialından səmərəli istifadə olunması, münaqişələrin həllinə dair məsələlər önə çəkiləcəkdir. 
Söhbət zamanı GUAM Parlament Assambleyasının Baltik Assambleyası və digər beynəlxalq və regional parlament qurumaları ilə əməkdaşlığı, qurumun avrointeqrasiya siyasəti barədə də fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, GUAM PA çərçivəsində konkret problemlərin həllində parlamentlərin böyük rolu ola bilər və bunun üçün lazımi potensial da mövcuddur.
Görüşdə Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Əli Məsimli və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU