İSVEÇ KRALLIĞININ XARİCİ İŞLƏR NAZİRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
10 fevral 2016 | 05:02   
Paylaşın:        

Fevralın 10-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər  naziri  xanım Marqot  Vallströmün başçılıq  etdiyi  nümayəndə  heyəti ilə görüşdü.
Qonaqları salamlayan Bahar Muradova  Azərbaycanla İsveç Krallığı  arasında  münasibətlərin  yüksələn xətlə inkişaf  etdiyini dedi.  Ölkələrimiz arasında iqtisadi, humanitar və mədəni sahələrdə  əlaqələrin dərinləşməsi üçün böyük potensialın olduğunu vurğuladı. Sonra o, Azərbaycanın dövlət  siyasətində  və cəmiyyət  həyatında qadınların  fəal  iştirakından  söhbət  açdı.  Ölkəmizin  Şərqdə  qadınlara  ilk dəfə  seçki  hüququ  verən dövlət  kimi tarixin  səhifələrinə düşdüyünü  diqqətə  çatdırdı. Qəbul  edilən  qanun və aktlarda  gender  bərabərliyi  prinsiplərinin qorunmasından, bu  sahəni əhatə  edən sənədlərin qəbulundan  söz  açdı. Qeyd  olundu ki, Azərbaycan  qadınları  bu gün  istər  dövlət  işlərində,  istər ictimai-siyasi proseslərdə,  istərsə də bələdiyyə orqanlarında və sahibkarlıq  fəaliyyətində   fərqlənirlər. Təsadüfi  deyildir ki, Azərbaycan  parlamentində təmsil olunan 125  deputatdan 20-i qadındır. Onlar  həm  siyasi  partiya  təmsilçiləri, həm də bitərəf  deputat kimi  qanun  yaradıcılığı prosesinə öz  töhfələrini verirlər.
Səmimi görüş  üçün  təşəkkürünü  bildirən xanım Marqot Villström ölkəmizə  Azərbaycanın dostu  olaraq   səfər  etdiklərini  diqqətə çatdırdı. Qonaq  bu  görüşdən məmnun olduğunu vurğuladı.  Azərbaycanın dövlət  siyasətində və ölkə həyatında  qadınların rolunu yüksək  dəyərləndirdi. Sonra  Marqot Vallström ölkələrimiz  arasında  ticarət  dövriyyəsi  sahəsində  ikiqat vergitutmanın  ləğv  edilməsi  ilə bağlı sənədin  qəbul  edilməsini yüksək qiymətləndirdi. Bunun əlaqələrimizin inkişafına  yaxşı töhfə olacağını  qeyd  etdi. İsveçli nazir  Dağlıq  Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə əhəmiyyətli irəliləyişlər ediləcəyinə ümidvar olduğunu  bildirdi.
Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlardan Məlahət  İbrahimqızı, Aytən Mustafayeva, Kamilə Əliyeva və digər  rəsmi şəxslər  iştirak  edirdilər.


Milli Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU